“Hazırda Türkiyədə 3 milyon qaçqın var. Türkiyə bu işə böyük pul xərcləyir. Bu, çox böyük məbləğdir. Qeyd edim ki, biz bəzi ölkələr kimi qapılarımızı bağlamırıq. Bağışlayın, biz insanları ölüm risk ilə üz-üzə qoya bilmərik”.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
O bildirib ki, irqçiliyə qarşı birgə mübarizə aparılmasa, terrora qalib gəlmək mümkün olmayacaq: “Türkiyə 35 ildir, terrorla mübarizə aparır. Bu illər ərzində xeyli insan itirmişik. Terrora qarşı mübarizə aparırıqsa, səmimi olmalıyıq. Terrorçulara silah verənlər qınanmalıdır. 6 ildir, Suriyada insan öldürülür. Bunun qarşısı alınmalıdır”.
Ərdoğan qeyd edib ki, gənc nəsillərə gözəl gələcək nəsib etmək üçün birgə səy göstərilməlidir: “İrqçiliyə, ayrı-seçkiliyə məruz qalanların diqqəti Bakıdadır, bu tədbirdədir. Siyasətçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, dini liderlərin hərəsinin öz görəcəyi iş var. Fəaliyyətimizi koordinasiya edib, iş görməliyik”.