İtaliyanın "Latsio" klubunun baş məşqçisi Simone İndzaqi A Seriyasının 18-ci turunda "Napoli" ilə Milan "İnter"i arasında keçirilən oyunda (0:1) fanatların irqçilik nümayiş etdirməsinə münasibət bildirib.
Aktual.az "Report"a istinadən bildirir ki, İndzaqinin sözlərini "Football Italia" nəşri sitat gətirib:
"Ançelotti haqlıdır ki, belə hallarda komandaları meydandan çıxarmaq lazımdır, çünki bunun futbolla heç bir əlaqəsi yoxdur. İrqçilik ciddi problemdir və onunla ən yüksək səviyyədə məşğul olmaq lazımdır. Bu, ailələrin və uşaqların futbola baxmasına mane olur. İrqçilik insanları futboldan uzaqlaşdırır, ona görə fanatlar stadionlara daha az gəlməyə başlayırlar".
İtaliyanın "Napoli" klubunun seneqallı qaradərili müdafiəçisi Kalidu Kulibali "İnter" ilə A Seriyasının 18-ci tur matçında rəqib komandanın azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalıb. Nəticədə "İnter" klubu cəzalandırılaraq qarşıdakı iki oyunu boş tribunalar önündə keçirməli olacaq.
Aktual.az
Xəbər 558 dəfə oxunub.