İraqdan gələn turistlərlə bağlı narazılıq var

İraqdan gələn turistlərlə bağlı narazılıq var

Azərbaycana ərəb ölkələrindən gələn turistlərlə bağlı əsas problem İraqdan gələn turistlərlə bağlıdır.

Aktual.az  bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, həmin problemin əsas səbəbi İraq turistlərinin Azərbaycana turizm şirkətlərinin xətti olmadan, təşkil olunmamış, nizam-intizamsız halda gəlməsindədir.

M.Ağakərimov qeyd edib ki, belə səfərləri təşkil edən İraqdakı bəzi işbazlar öz ölkələrindən Azərbaycana turist göndərmək üçün birbaşa otellərlə əlaqə yaradırlar. Bu isə nizam-intizamsızlığa gətirib çıxarır, Azərbaycana gəldikdən sonra onlarla bağlı bəzi problemlərin yaranmasına səbəb olur.

M.Ağakərimovun sözlərinə görə, İraq turistləri Azərbaycana fərdi halda deyil, qrup halında gəlir və otellərə də qrup halında daxil olurlar:

"Hansısa işbaz onların Azərbaycana gəlməsini təşkil edir, amma bu prosesi sona çatdırmır, onları otelə yerləşdirdikdən sonra başlı-başına buraxırlar. Beynəlxalq Turizm Kodeksinə uyğun olaraq, turistlərə başa salınmalıdır ki, getdiyi ölkənin qanunlarına riayət etsinlər. Bunun üçün də turistlər təşkil olunmuş halda gəlməlidirlər. Ancaq İraqdan turist göndərən işbazlar gəlir qazanmaq üçün otellərlə birbaşa iş görürlər, sadalanan məqamları isə yaddan çıxarırlar. Ona görə də pərakəndəlik, nizam-intizamsızlıq olur".

Bu məsələ ilə bağlı AzTA tərəfindən kiçik bir araşdırma da aparıldığını deyən M.Ağakərimov hesab edir ki, müvafiq dövlət orqanları bu məsələ ilə bağlı məşğul olmalı və belə vəziyyətin nə üçün yarandığını, onların hansı səbəbdən ölkəmizə nizam-intizamsız, qeyri-mütəşəkkil formada gəldiklərini araşdırmalıdırlar: "Azərbaycana Rusiyadan, Yaponiyadan, Koreyadan da çoxlu turistlər gəlir. Amma niyə görə onlarla bağlı belə hallar olmur?! Çünki onlar Azərbaycanın turizm şirkətinin xətti ilə müqavilə əsasında gəlirlər. Şirkətlər həmin turistləri qarşılayır, onlar üçün proqramlar, ekskursiyalar təşkil edir, istəklərini yerinə yetirirlər. Turistlər hətta suvenir almağa getmək istədikdə belə, şirkət onları yığcam, təşkil olunmuş halda aparır. Turistlərə izah olunur ki, bu ölkədə qayda-qanuna, sanitar-gigiyenik normalara riayət etmək lazımdır. Problemlər turistlərin göndərildiyi ölkədə bu səfərlərin necə təşkil olunmasından qaynaqlanır. İraqdakı işbazların turizm fəaliyyəti isə küçə bazarına oxşayır. Biz istəyirik ki, Azərbaycana daha çox turist gəlsin, amma yaxşı olardı ki, səfərlər qayda-qanun çərçivəsində tənzimlənsin".

M.Ağakərimov həmçinin vurğulayıb ki, İraqdan gələn turistlər Azərbaycanın turizm şirkətlərinin xətti ilə ölkəmizə gəlməlidirlər: "Çünki bu halda turistlərin səfərləri daha intizamlı formada təşkil olunar, dövlət büdcəsinə də əlavə gəlir gələr".

Xəbər 1361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR