Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə görüşüb.
Görüş zamanı İbrahim Əl-Cəfəri rəsmi səfərlərin əlaqələrin inkişafına müsbət təsirindən danışaraq iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin vacib olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Əl-Cəfəri İraqın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyən Əl-Cəfəri Azərbaycan ilə terrorçuluqla mübarizə üzrə əməkdaşlığın genişləndirilməsində ölkəsinin maraqlı olduğunu söyləyib.
Nazir Elmar Məmmədyarov tarixən Azərbaycan və İraq xalqları arasında dost münasibətlərin olduğunu xatırladaraq, Bağdad və Bakı arasında birbaşa uçuşların fəaliyyətə başlamasının iki ölkə arasındakı əməkdaşlığa önəmli töhfə verəcəyini bildirib.
Azərbaycanın ərazi bütövlü və suverenliyinin beynəlxalq formatlarda, eləcə də BMT Baş Assambleyasında İraq tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
İki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu deyən Elmar Məmmədyarov iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə hər iki ölkənin işgüzar dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin və birgə biznes forumların keçirilməsinin vacib olduğunu qeyd edib. Azərbaycanın xüsusilə enerji sahəsində İraq ilə əməkdaşlıqda maraqlı olduğunu deyib.
Elmar Məmmədyarov iraqlı həmkarını Azərbaycana səfərə dəvət edib. İraq naziri dəvəti məmnuniyyətlə qəbul edib.\Apa
Aktual.az