Dünyanın müxtəlif yerlərində siyasi qətllər yarandığı gündən İranın dövlət siyasətinin tərkib hissəsi olub. Azərbaycanlı deputat Fazil Mustafaya qarşı törədilmiş terror aktı ilə bağlı istintaq hələ davam etsə də, bu işdə də İran izi var.
Aktual.az xəbər verir ki, bunu "Haqqın.az”a iranlı politoloq Ural Hatəmi deyib.
"İran bütün dünyada terror fəaliyyətini fəal şəkildə təşkil edir, həyata keçirir və maliyyələşdirir. Bunu çoxlu araşdırmalar, dosyelər, məhkəmə qərarları və digər sənədlər təsdiq edir. Ayətullah rejimi iki istiqamətdə terror siyasəti aparır - rejimə qarşı çıxan İran müxalifətçilərinə və digər ölkələrin vətəndaşlarına və qurumlarına. Ölkə xaricində siyasi opponentlərin öldürülməsi praktikası 1980-ci illərin sonlarında başlayıb və bu günə qədər davam edir. Rza Pəhləvinin oğlu, imperator donanmasının keçmiş kapitanı Şəhriyar Şəfiq Parisdəki evinin həyətində başından iki güllə ilə qətlə yetirilib. İranın son baş naziri Şapur Bəxtiyar Parisdə otel otağında boğazı kəsilmiş halda tapılıb. Bir neçə ay sonra müxalif siyasətçi, professor Əbdülrəhman Brumənd evinin liftinin qarşısında bıçaqlanaraq öldürülüb. Yeri gəlmişkən, tanınmış türk jurnalisti Uğur Mumcunun da qətlində İran xüsusi xidmət orqanlarının əli olub. Daha sonra Böyük Britaniya, Almaniya, Avstriya, Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanından Tailanda qədər Ayətullah rejiminin əleyhdarlarına qarşı siyasi sui-qəsd dalğası yayıldı”, - o bildirib.
Hatəmi iddia edir ki, siyasi qətllərlə bağlı qərarı 20-25 nəfərdən çox olmayan seçilmiş din xadimləri verir:
"Bu insanlar təbii ki, şəriətə istinad edərək fitva verirlər. Məsələn, Xomenei britaniyalı yazıçı Salman Rüşdinin öldürülməsi ilə bağlı fitva verib. Azərbaycanlı jurnalist Rafiq Tağının qətli ilə bağlı fitvanı aşağı rütbəli din xadimi Ayətullah Lənkərani verib. Fakt budur ki, fitva islamın bu cərəyanının bütün tərəfdarları üçün müqəddəs dini vəzifəyə çevrilir. İran hakimiyyəti təkcə iranlılara deyil, terror aktını həyata keçirmək üçün ayətullahların iradəsinə fanatik şəkildə bağlı olan digər millət və xalqların nümayəndələrinə də "xeyir-dua” verə bilər. Bunun müqabilində şiə din xadimləri terror aktlarını törədənləri mükafatlandırmağa və onlara sığınacaq verməyə həmişə hazırdırlar. İran iqtisadiyyatının nəhəng böhranı, milli valyutanın dəyərdən düşməsi, qiymət artımına baxmayaraq, ayətullah rejimi qətlləri və adam oğurluğunu səxavətlə maliyyələşdirməyə davam edir”.
Politoloq qeyd edib ki, hakimiyyət hər il təkcə Qüds korpusuna 7 milyard dollara qədər vəsait ayırır:
"Və bu o deməkdir ki, ayətullah rejimi teokratiyanı dünyaya yaymaq ideyaları ilə mövcud olduqca, həm İranın özündə, həm də onun hüdudlarından kənarda qətllər və adam oğurluğu davam edəcək”.
Xəbər 421 dəfə oxunub.