Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski deputatların sayının azaldılmasını təklif edib.
LDPR lideri bildirib ki, ölkədə lazımi qədər effektiv işləməyən çoxlu sayda məmur var. Ona görə də o əmindir ki, əgər məmurların sayı iki dəfə azaldılsa, dövlət bundan yalnız qazanar. "Tək maaşları deyil, məmurların sayını da azaltmaq lazımdır. Bizdə çox məmur var ki, onlar bizim həyat rifahımızın yaxşılaşması ilə məşğul olmurlar. Əgər belə etsəydilər, bu başqa məsələ, amma bizim ölkəyə bürokratlar lazım deyil. Ümumilikdə deputat korpusunu iki dəfə azaltmaq olar. 450 deputatdan 200-nü saxlasaq - bu da əlavə iki milyard rubldur", - deyə Jirinovski bildirib.
Liberalların lideri Valdimir Putinin dövlət məmurlarının maaşlarının 10 faiz ixtisar edilməsini də dəstəkləyib. O, prezident bu fərmanı verməzdən əvvəl də öz partiyasının üzvlərindən 10 faiz həcmində pul yığıb onlara müraciət edən insanlara yardım üçün xərclədiklərini deyib. "Biz hər ay ehtiyacı olanlara partiyamızdan ümumilikdə 2 milyon rubl göndəririk. Əgər indi maaşları azaltsalar belə, biz yenə bu yardım kampaniyamızı davam etdirəcəyik. Yəni LDPR öz üzvlərinin maaşlarını ümumilikdə 20 faiz azaltmış olacaq", - deyən Jirinovski maaşların azaldılması ilə bağlı əlavə təkliflər də verib.
O, 100 min rubldan artıq maaş alanların əmək haqqını 10 faiz, 200 mindən artıq alanlarınınkını 20 faiz, 300 mindən artıq maaş alanların əmək haqlarını isə 30 faiz azaltmağı və s. təklif edib. "Yarım milyon maaş alanlarının pullarını isə 2 dəfə azaltmağı təklif edirəm", - deyən partiya lideri əlavə xərclərdən də danışıb: "Deputatların əlavə xərclərini də azaltmaq olar. Onların nəqliyyat, mobil əlaqə, yaşayış və ehtiyaclarına sərf olunan pulları azaltmaqla dövlət xərclərinə qənaət etmək olar".(ANS)