İranın "Səhər” kanalının "Azad Arena” proqramında Füzuli rayonunun Alxanlı kəndində dinc əhalinin erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilməsi barədə geniş reportaj yayımlanıb
Ötən gün İran İslam Respublikasının "Səhər” Televiziyasında efirə gedən "Azad Arena” proqramında İyulun 4-də Ermənistan ordusunun dinc sakinləri atəşə tutması və 2 yaşlı Zəhra Quliyevanı amansızcasına qətlə yetirməsi haqqında danışılıb.
Video bağlantı canlı yayıma qoşulan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ermənistanın dinc əhalini qətlə yetirməsini qəti şəkildə pisləyib və bunun beynəlxalq hüquq normalarının, xüsusən də Cenevrə Konvensiyasının kobud surətdə pozulması kimi qiymətləndirib: "Mülki əhalinin qətlə yetirilməsi Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Bununla, rəsmi İrəvan BMT-nin Cenevrə Konvensiyasını və digər beynəlxalq qanunları pozur. Əminəm ki, Ermənistanın bu addımı cəzasız qalmayacaq.”