İran kürd neftini bazara çıxaracaq

İran kürd neftini bazara çıxaracaq

Rəsmi Tehran İraq Kürdüstan administrasiyasına hasil etdiyi nefti İran üzərindən dünya bazarına çıxarmağı təklif edib.

Aktual.az anspress-ə istinadən bildirir ki, İranın Süleymaniyyədəki baş konsulu Səidullah Məsudi rəsmi Tehranın bu təklifini Ərbil şəhəri rəhbərliyinə çatdırıb. Məsudi İranın bu layihəni yerinə yetirəcək gücə malik olduğunu deyib.

"İranın böyük şirkətləri bu layihəni həyata keçirəcək gücə sahibdir. Sadəcə olaraq layihənin həyata keçirilməsi üçün hər iki tərəf də güclü iradə nümayiş etdirməlidir".

Süleymaniyyə meri ilə görüşdüklərini deyən baş konsul, merin neft kəməri barədə yaxın vaxtlarda razılığa gələcəklərini və bunun üçün yerli Kürdüstan adminstrasiyası hökumətinin qərarını gözlədiklərini dediyini bildirib.

Baş konsul Səidullah Məsudi Ərbil - Tehran münasibətlərinin inkişaf perspektivləri barədə də müzakirələr aparıldığını qeyd edib.

Bir müddət əvvəl bu ölkəyə tətbiq olunan sanksiyaların ləğv olunmasından sonra İran ilk dəfə Avropaya neft ixrac etməyə başlamışdı. Neft nazirinin müavini Rükunəddin Cavadi bu hadisəni İranın neft sənayesində "yeni səhifə" adlandırmışdı.

"Avropaya ixrac olunacaq 4 milyon barel həcmindəki neftin 2 milyon bareli Fransanın "Total" şirkəti üçün nəzərdə tutulur. 2 milyonu isə Rusiya və İspaniyada şirkətlər tərəfindən alınıb".

Həmçinin rəsmi Tehran bütün dünyada neftin ucuzlaşmasına görə narahat olmadığını açıqlamışdı. İranın neft naziri Əmir Hüseyn Zəmani-Niə milli neft şirkətinin əlavə günlük olaraq 500 000 barel neft hasil edəcəyini bildirmişdi.

Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR