"Valyuta bazarımızda bu gün də dollar bahalaşdı. Deməli, "valyuta artıqlığı” olan banklar yenidən dollar alaraq tələb yaratdılar”.
Cebhe.info-nun məlumatına görə, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib.
İqtisadçı qeyd edib ki, "valyuta artıqlığı” sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır: "Maraqlıdır ki, bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb, manatın kursunu aşağı salıb, ofislərinə qayıdırlar. İnanmaq istərdim ki, banklar dollarları suvenir kimi saxlamırlar. Çünki əslində suvenir kimi saxlasaydılar, o zaman "qara bazar”da da dollar qıtlığı olardı. Mərkəzi Bank deyir ki, banklar "qara bazar”a dollar vermirlər”.
Belə anlaşılmırmı, "qara bazar” artıq dolları birbaşa hərraclardan alır?
Ekspert bildirib ki, dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, "qara bazarı”mızın hələlik elə hüququ yoxdur: "Onsuz da hərraclar da qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır. Maraqlıdır ki, hamı "qara bazar”dan danışır, amma nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirir ki, həmin bazara pul haradan və necə daxil olur? Və ya müəyyənləşdirsələr də, real addımlar atmaq istəmir. Amma nə qədər ki, "qara bazar” fəaliyyətini genişləndirəcək, o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək”.
Aktual.az
Xəbər 813 dəfə oxunub.