Apple şirkətinin gələcək flaqmanları olan iPhone 18 Pro və 18 Pro Max modelləri haqqında ilk məlumatlar sızmağa başlayıb. PhoneArena nəşrinin insayder hesabatlarına əsasən hazırladığı icmalda cihazların texniki imkanları diqqət çəkir.
Aktual.az-ın məlumatına görə yeni modellərin əsas yeniliklərindən biri kamerada dəyişən diafraqma texnologiyasının tətbiqidir. Bu funksiya sensorun üzərinə düşən işıq miqdarını tənzimləməyə imkan verəcək. Beləliklə, istifadəçilər çəkiliş zamanı fokus dərinliyini daha dəqiq idarə edə biləcəklər. Ekranın üst hissəsində yerləşən Dynamic Island kəsiminin isə daha da kiçiləcəyi gözlənilir.
Performans baxımından cihazlar Apple tarixinin ən güclü prosessoru sayılan A20 Pro ilə təchiz ediləcək. Digər vacib yenilik isə şirkətin öz istehsalı olan C2 modemidir. Bu modem əvvəlki versiyalara nisbətən daha səmərəli işləyir və enerji sərfiyyatını nəzərəçarpacaq dərəcədə azaldır. Artırılmış batareya tutumu isə 5200 milliamper-saat təşkil edəcək.
Apple şirkətinin ənənəvi təqvimə uyğun olaraq yeni Pro modellərini sentyabr ayında təqdim edəcəyi ehtimal olunur. Seriyanın baza modeli isə 2027-ci ilin əvvəllərində geniş kütləyə nümayiş olunacaq.
Qeyd edək ki, hazırda bazarın diqqəti yeni çıxan iPhone 17e modelindəki A19 prosessoru və digər texniki göstəricilər üzərində olsa da, növbəti nəsil üçün gözləntilər kifayət qədər yüksəkdir. (demokrat.az)
Xəbər 51 dəfə oxunub.