Şüvəlandakı 4 nömrəli Respublika Xüsusi İnternat məktəbində Respublika Gününə həsr olunmuş “Elm öyrənərək” adlı tədbir keçirilib.
Aktual.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Seyidova Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə nəzər salıb. O, müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb. Qeyd edib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Bu respublika mövcud olduğu qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirib.
Qadın Jurnalistlər Assosiasiyası tərəfindən internat məktəbinə müxtəlif çeşidli bədii və elmi mövzularda yüzlərlə kitab və jurnalların hədiyyə olunmasını təqdirəlayiq hal kimi qiymətləndirən məktəb direktoru bu nəcib missiyanın təşşəbüskarı, İctimai Televiziyanın Yayım Şurasının üzvü, tanınmış jurnalist Sevil Yusifovaya və digər xidməti olanlara təşşəkürünü bildirib.
Sonra layihənin təşşəbüskarı jurnalist Sevil Yusifova “Elm öyrənək” adlı layihə çərçivəsində internat məktəbinə kitab və jurnalların hədiyyə olunmasının zərurətindən danışaraq hazırki qloballaşma dövründə milli özünəməxsusluğun qorunmasının məhz elm öyrənməkdən keçdiyini qeyd edib. S.Yusifova Türkiyyə səfirliyinin Dini müşavirliyinin də bu layihəyə dəstək verməsinə görə öz təşşəkürünü bildirib.
Azərbaycan xalqını əlamətdar gün münasibətilə təbrik edən hüquqşünas Səməd Vəkilov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi şərəfli yoldan danışıb, cümhuriyyət hökumətinin süqutunun səbəbləri barədə məlumat verib. Bildirib ki, XX əsr Azərbaycan xalqının həyatında azadlıq və istiqlaliyyət uğrunda böyük mübarizələr əsri olub.
Hüquqşünas vurğuladı ki, ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etsə də, onun baniləri bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanırlar. Onlardan biri də AXC-nin beynəlxalq birliyin müstəqil subyektinə çevrilməsində müstəsna rolu olan Əlimərdan bəy Topçubaşovdur. Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin tanınmasında Ə.Topçubaşov əvəzsiz diplomatik və siaysi fəaliyyət göstərib.
Azərbaycan Televiziyasının “Telefilim” Yaradıcılıq Birliyinin müavini, tədqiqatçı jurnalist Ənvər Cingizoğlu, Cümhuriyyət dönəmində xaricə oxumağa göndərilmiş tələbələrin fəaliyyəti ilə bağlı apardığı tədqiqatdan danışıb.
Professor Seyfəddin Rzasoy Cümhuriyyət dönəmindən sonra mühacirət edərək xaricdə yaşamış Azərbaycanlı ziyalıların elmi irsinin araşdırılmasından söz açıb. Mirzə Bala Məmmədzanin zəngin elmi irsinin öyrənilməsinin vacibliyini xüsusi vurğulayıb.
Azərbaycan Cümhuriyyətinin hərbi müşaviri, İsmayıl xan Ziyadxanlının nəvəsi hazırda Stokholmda yaşayan sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Ziyadlı- Cümhuriyyət dönəminin parlaq simalarından olan İsmayıl xan Ziyadxanlı fəaliyyəti barədə məlumat verməklə onların sonrakı dövrlərdəki ağır həyat tərzindən danışıb.
Tədbirin bədi hissəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Ziyadlı məktəbliləri öz gözəl ifasılə əyləndirib. 4 yaşlı Ayişə “Sarı gəlin” rəqsini ifa edib.
Tədbirdə “Hüquq və demokratik islahatlar mərkəzi” ictimai birliyinin rəhbəri İlham Əliyev, “Azad Həmfikirlər” gənclərin maarifləndirilməsi ictimai birliyinin sədri Samirə Mustafayeva, “Ahıllara və tənhalara dəstək” ictimai birliyinin sədri Ruhiyyə Məmmədova və digərləri iştirak edib.