“Azərbaycanda legioner həyatı yaşadığıma görə peşman deyiləm”.
Aktual.az-ın Apasport.az-a istinadən məlumatına görə, bu sözləri Bakı “İnter”inin sabiq hücumçusu Ruben Şaken deyib.
Ölkəsinin mətbuatına açıqlama verən hollandiyalı futbolçu Azərbaycandakı karyerasını yada salıb.
Şaken bildirib ki, ötən il “İnter”ə keçidində “Feyenord”da ehtiyatda qalması rol oynayıb: “İnter”ə keçməmişdən əvvəl “Feyenord”da idim. Baş məşqçi Fred Ruttenin dövründə işlər qaydasında getmirdi, ehtiyatda qalırdım. Legioner həyatı yaşamaq, ölkə xaricində oynamaq həmişə arzum olub. Bu mənada, “İnter”in təklifini qəbul etdim. Azərbaycanda yeni, gözəl mədəniyyətlə qarşılaşdım, rus dilini öyrəndim. Düzdü, bu dildə yaxşı danışa bilmirəm, amma əsas sözləri bilirəm”.
34 yaşlı forvard Azərbaycandakı karyerasının qısa çəkməsini belə izah edib: “Ordakı karyeram çox çəkmədi. “İnter” maddi problemlə üzləşdi. Belə məqamda çemodanı yığıb, ayrılmalı idim. Bir neçə futbolçu klubdan şikayət etdi və istəyinə çatdı”.
Şaken azərbaycanlıların futbola o qədər də bağlı olmadıqlarını qeyd edib: “Azərbaycanda insanlar futbolla yaşamırlar. “İnter” oyunlarını daha çox boş tribunalar önündə keçirirdi. Bu komanda gürcü məşqçilərə güvənir. Azərbaycan futbolu texniki cəhətdən yaxşıdı, taktiki mənada isə vəziyyət fərqlidi”.
Qeyd edək ki, karyerası ərzində “Kambur”, “Veendam”, “Venlo” və “Feyenord” klublarının da formasını geyinmiş Şaken 2015-ci ilin əvvəlində “İnter”ə transfer olunmuşdu. O, “bankirlər”in heyətində Azərbaycan çempionatında 4 oyun keçirib və qol vura bilməyib. Ötən ilin yarısını “İnter”də keçirdikdən sonra Şaken Hollandiyaya qayıdaraq, “Den Haq”la 2 illik müqavilə imzalayıb.