“İnsanlığın zirvəsinə qalxmaq istəyirəm, hansısa karyeranın yox...”

“İnsanlığın zirvəsinə qalxmaq istəyirəm, hansısa karyeranın yox...”

Adil Əliyev: “Mən başa düşürəm ki, nankor, harınlamış məmur var”

 


Əvvəl adam olmaqdı məsələ. Adam...

Daha sonra müxtəlif sahələrə bölünür, elm adamı, iş adamı, dövlət adamı, siyasət adamı və s.

Vətənə, Millətə xidmət etmək, bu hünərə layiq olmaq hər qulun işi deyil. Oturduğu postdan əvvəl aid olduğu kimliyin təəssübünü çəkmək, heysiyyətini qorumaq böyük məsuliyyət -  ələlxüsus da qeyrət tələb edir.

Müsahibim şəxsiyyət vəsiqəsinin çəkisini bilənlərdəndir. İndiyə qədər müsahibə aldığım insanların içərisində ilk və tək adamdı ki, vətəndaşı olduğu dövlətin kimliyini daşımağın qürurunu dilə gətirdi. Yüzlərlə müsahibim  içərisində ilk dəfə bu ADAM məsələyə bu qədər qəti mövqedən yanaşdı  və  bu, mənim xoşuma gəldi. 

Azadinform-un müsahibi dilinin, dininin, milliyyətinin bütün insani xüsusiyyətlərini öz postuna, işinə və kimliyinə əxz etdirən millət vəkili Adil Əliyevdir. 

Mən danışdım, zövq aldım, oxuyun sizin də ürəyiniz açılsın:

- Bütün titullardan kənarda, Adil Əliyev özü üçün kimdir?

- Adil Əliyev. Tərtəmiz qanı, əqidəsi, ideyası, düşüncələri ilə Azərbaycana bağlı, Türkə bağlı bir soy-kökdən gəlmə Azərbaycan Respublikasının vətəndaşı. Bu torpaqlarda yaşayan, bu torpaqlarda yaşamağa haqqı çatan insan kim olmalıdırsa mən də oyam. 

- Çətin deyil elə olmaq?

- Çox çətindir. Bilirsinizmi, 1992-ci ildən Azərbaycan kənar müdaxilələrdən, kənar qanlardan, kənar millətlərdən təmizlənməyə və yavaş-yavaş milliləşməyə başladı. Millətinin, dövlətinin, soy-kökünün qədrini bilməyənin aqibəti bəlli olmur. Buna görə də qayəmiz təmiz bir millətə məxsus olan dövlətin vətəndaşı olmaq, bu dövlətin rifahı üçün vuruşmaq, mübarizə aparmaqdır.

- Biz sizinlə Heydər Əliyevin anım günündə danışırıq...

- Heydər Əliyev bizə azərbaycançılığı bir daha aşıladı. Biz məhz Ulu öndərin sayəsində milli dəyərlərə yenidən nail ola bildik. Heydər Əliyevin Azərbaycan xalqı, Türk dünyası qarşısında nailiyyətləri çox böyükdür. İnanmıram ki, onun gördüyü işləri zamanında, eləcə də müstəqillikdən sonra çətin ki, kimsə təkrarlasın. 

- İddialarınız çoxdumu?

- İnsanlığın zirvəsinə qalxmaq istəyirəm, hansısa karyeranın yox. 

- Heç kimsə sizin qapınızdan boş qayıtmır...

- Millət vəkili olmaq, deputat olmaq məsuliyyətimizi artırır. Hərdən çətinliklərlə üzləşəndə özümü millətin vəkili hesab edə bilmirəm. Müəyyən çətinliklərlə bağlı insanlara kömək edə bilməyəndə, bir insanın dərdinə şərik çıxa bilməyəndə əziyyət çəkirəm. Düşünürım ki, mən nə millət vəkiliyəm axı, məni deyib gələnə kömək edə bilmirəm?! Başqalararını deyə bilmərəm, mən daha çox xalqın içində olan, xalqa yararlı olmağa çalışan bir adam hesab edirəm özümü. İnsanlıq, soy-kök əsas faktordur, amma hər şeyin başında inanc durur. İnancı olmayan insan heç kimi başa düşə bilməz. İnanc olmayanda hərə özünü bir formada haqlı hesab edəcək. Amma inanc insanları müqəddəs kitabın həqiqətinə aparır. İnancı olan insanlar, Allahını tanıyanlar, elə bilirəm, qorxarlar səhv eləməyə, günah eləməyə. Müqəddəsliyi itirməkdən qorxmaq lazımdır. İnanc olmayanda kiminin haqqına girməkdən çəkinmirlər. Mən əsl insan olmağa çalışıram.

- Bəlkə elə buna görədir ki, ölkəmizdə son günlərdə insanların dini inancları siyasi məqsəd olaraq istifadə edilir?

- Nardaran hadisələrini deyirsiniz yəqin. Bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Ana xətt isə zamanında Nardarana düzgün hüquqi qiymət verilməməsidir. Axı ora da bizimdir, Amerika Birləşmiş Ştatları deyil ki... Azərbaycan Respublikasının ayrılmaz bir hissəsidir. Niyə orda hər şey fərqli olmalıdır?! Maştağada, Bilgəhdə, Coratda işləyən qanunlar niyə orda işləməməlidir?! Demək kiməsə bu lazımıymış ki, bu məsələ çözülməmiş qalsın, ondan da istifadə eləsinlər. 

Naradaran hadisələri ağır mövzudur. Mən ona qiymət vermək istəmirəm. Ordakı inanclara cürbəcür şərhlər verirlər, məzhərblərlə, dövlətlərlə əlaqələndirirlər. Bilirsiniz, dövlətin qanunları var, dövlət heç kimə qadağa qoymur, heç kimin qarşısı alınmır. Ancaq bu etiqaddan siyasi məqsədlər üçün istifadə etmək qadağan  edilir. Onun da qarşısı qətiyyətlə alınır. Bir az kəskin, ya da bir az yumşaq, amma alınır. Doğrusunu da Allah bilir. Biz onun çox dərinliyini bilmirik.

- Günəşli hadisəsi necə? Burda “rus barmağı var” demək olarmı? Bu faciənin məhz rus-türk gərginləşməsindən sonra baş verməsi nədənsə xəbər vermir ki?

- Yox, təbii. Tamamən təsadüf olduğunu düşünürəm. Bu hadisə Allahın fəaləklərindən biridir. İnsanlar bundan dəsr çıxarmalıdır. Zəlzələlər, fırtınalar hamısı insanlar üçün bir siqnal olmalıdır. Allahı tanımayanlar üçün... 

Ölümü bildikləri halda dünya malı insanları yoldan çıxarır. Biz xoşbəxt ölkənin vətəndaşlarıyıq, çünki bizim millətimiz var, dövlətimiz, sərhədlərimiz var, bayrağımız, himnimiz var. Ürəyimizin üstündə gəzdirdiyimiz bu dövlətin vətəndaşlığını təsdiq edən kimliyimiz var. O kimliyə görə, biz bu dövlətə, millətə xidmət eləməliyik. Əgər mənim imkanım varsa təbii ki, insanlara əl tutmalıyam. Bütün bu qanunlar birbaşa inanca bağlanır. Mən o biri dünyaya özü ilə dünya malı aparmaq istəyən, ordakı zülmətə inanan vəzifəli insanlar tanıyıram. O da onların qismətidir. 

Mən başa düşürəm ki, nankor, harınlamış məmur var. Ancaq bu o demək deyil ki, sən dövlətdən narazı olasan. Bu dövlət sənə kimlik verib, vətəndaşlıq verib. Bu gün çox əziyyət çəkən insanlar var, amma şükür hissini itirməmək lazımdır. Bizim geosiyasi vəziyyət elə olub ki, üzümüz gülməyib, qorxmuşuq, uşaqlıqdan əziyyət çəkmişik, həmişə bizi farsla, rusla qorxudublar. Biz o qədər arsız millət deyilik ki, o boyda qaçqın köçkünə baxıb, kef eləyək. Şəxsən mənim o boyda şəhidə baxanda üzüm gülə bilmir.

Ancaq bu o demək deyil ki, biz inancımızı itirməliyik.

Allah qismət verib bizə, bunu dərk eləyə bilsək yaşamaq daha da asan olacaq.

- Rusiya Türkiyə münasibətlərində Azərbaycanın mövqeyi...

- Mən Azərbaycan adından danışa bilmərəm, dövlətimzin mövqeyini cənab prezidentimiz nümayiş etdirir. Türkiyənin yanında olduğunu, Türkiyə dövlətinin qardaş dövlət olduğunu cənab prezident özü vurğuladı və hətta Rusiya ilə gərginliyi aradan qaldırmaq üçün öz gücünü ortaya qoydu.

Dövlətimizin mövqeyi birmənalıdır. Hər iki ölkədə sülh istəyir çünki hər iki ölkə ilə də biz müttəfiqik. Amma özümə gəlincə, şəxsim adına mən həmişə demişəm ki, mən türk oğlu türkəm. Heç kim, heç bir güc məni fikrimdən, amalımdan döndərə bilməz. Eləcə də heç bir maddiyyatın buna gücü çatmaz. Mən buna bariz nümunə olaraq Ağrı dağına qalxdığımı misal çəkə bilərəm. Biz o zirvəyə qalxmaqla həm də sübut elədik ki, ermənilərin iddia elədiyi bu Ağrı dağı Türkə aiddir, qədim Türk torpağıdır! 

Biz bunu əməlimizlə bir daha isbatladıq. Və son olaraq onu da deyim ki, harda Türk varsa orda mən varam, harda mən varamsa, orda Türk var!”

- Sizin bilinməyən bir tərəfiniz...

- Bilinmirdisə deməli sirrdir (gülür). Mən sirrsiz adamam. 

- Ən böyük səhviniz nə olub?

- Səhv səhvdir, onun böyüyü-kiçiyi olmur. Səhvsiz insan da yoxdur. Səhvsiz ancaq bizim peyğəmbərlərimiz olub.

- Mən bu ölkənin ən səmimi deputatına soruşmaq istəyirəm. Niyə bir neçə nəfər istisna olmaqla Milli Məclisdə oturan bəzi deputatlar gözə görünmür?

- Vallah bu sual ağır sualdır. Mən kimsənin işinə kölgə sala bilmərəm. Bizim millət vəkillərinin hamısı işləyən millət vəkilləridir, hamısı gözəl insanlardılar. Seçiliblərsə, deməli, Allah onlara bu qisməti verib və bunun nə iləsə bağlı olduğunu heç kim deyə bilməz. Gördüyü işlərə gəlincə, sadəcə insanlar o fəaliyyəti görməyə bilərlər. Hərənin öz sahəsi var, ola bilsin müəyyən təbəqə ilə işləmirlər, müəyyən kürsüyə önəm vermirlər. Hər bir millət vəkilinin bağlı olduğu komitələr var, dostluq qrupları, təşkilatlar var, hansılar ki, özü-özlüyündə böyük işlər görürlər. Sadəcə indi onu çəkib sosial şəbəkədə reklam edə bilmirsə, jurnalistlərlə ünsiyyət qura bilmirsə bu o demək deyil ki, işləmirlər. Seçkinin birinci mərhələsində mən də üzdə deyildim, qınaqlarla üzləşdim. Hətta mənə lal deputat da dedilər. Mən ortalıqda iş görürəm, seçicicilərlə mütəmadi görüşürəm, amma deyirlər sən işləmirsən. Ay qardaş, işləyirəm axı. Sabirabaddan, Şirvandan mənə yazırlar. O olduğu yerdən buranı necə görə bilər? Bir də daxilində problem olan insanlar var, onlar üçün fərqi yoxdur, yazdı, sosial şəbəkəyə qoydu, neçə min adam onu gördü. Vəssalam, bitdi getdi. Ona da qoşulanlar olur. Müəyyən təbəqə insanlar konkret öz işi ilə məşğul olar, gedər-gələr ortaya çıxmaz, bu başqa məsələ, amma ölkə üçün çox gözəl işlər görən millət vəkillərimiz kifayət qədərdir. 

Söhbətləşdi:

Nigar İsfəndiyarqızı

Xəbər 1427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR