Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb.
Aktual.az açıqlamanı təqdim edir:
"Avropa Parlamentinin Azərbaycana münasibətini və nə qədər obyektiv, ədalətli olmasını 44 günlük savaşda görmüşük. Dünən qəbul olunmuş qərar Səmədovun və Əbilovun özbaşına həbsi adlanır. Qərarın daxilində başqa adlar da var, amma qərar niyə bu iki separatçının adı ilə adlandırılır? Seperatçıların, yaxud kimlərinsə həbsi onları narahat etsəydi, onlar bunu bağlı qapılar arxasında müzakirə etməli idilər. Bunu etmirlərsə, deməli həbslərdən nəinki məyus olmayıblar, əksinə sevinib, Azərbaycana hücum üçün bir şans kimi qiymətləndiriblər. Qarabağdakı seperatçıların vaxtında məsuliyyətə cəlb olunmamasının hansı faciələrə yol açdığını gördük. Görünür, insanların iztirablarından, tökülən qanlardan doymayıblar. Azərbaycan hökuməti qərarlar qəbul edərkən dövlət maraqlarını nəzərə almalıdır.
Mənim bu münasibətim də o cür qəbul olunmamalıdır ki, ölkəmizdə qanunun aliliyi ilə əlaqədar problemlər yoxdur. Bu cür problemlər bütün ölkələrdə var, birində bir az az, digərində bir az çox. Biz, Avropa Parlamentinin qərəzli qərarını rədd etməklə yanaşı, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasını daha yaxşı təmin edəcək məhkəmə-hüquq islahatlarını da genişləndirməliyik”.
Xəbər 65 dəfə oxunub.