Edam və humanizm – bir-birinə zidd olan bu iki ifadə bir çox ölkələrin məhkəmə qanunlarında tez-tez istifadə olunan sözlərdir. Edamı ilk "humanist”ləşdirən və sonrakı dövr qanunlarının əzbəri edən isə tibb alimi və ixtiraçı Jozef İqnas Gilyoten olub.
Publika.az bildirir ki, ilk dəfə 1792-ci ilin bu günündə onun ixtira etdiyi qurğu vasitəsilə quldur və qatil Nikolya Pelletye edam edilib. Edam meydançasına toplaşan insanlar bir anlıq çaşıb qalıblar. Niyə cani qışqırmadı, fəryadı qulaq batırmadı? (Adətən balta sümüyü tam kəsə bilmədiyi üçün bir-neçə dəfə zərbə endirilməli olurdu. Buna görə də müttəhim ölümqabağı dəhşətli əzablar yaşayırdı). Gilyoten qurğu edam olunanın əllərini və başını pərçinlənmiş saxladığı üçün tərpənmə yeri olmayan adamın başı da iti ülgüc vasitəsilə dərhal dibindən kəsilirdi. Hər halda balta ilə müqayisədə Gilyotenin mücidinə rəhmət oxumaq olar. İlk edamdan sonra bu qurğunun nüfuzu artır. İndiki dillə desək, ən reytinqli qurğulardan sayılır və tezliklə bütün Avropaya yayılır. Elə Gilyoten də məşhurlaşır, Fransanın tanınmış simalarından birinə çevrilir. Amma heç ağlına da gətirməmişdi ki, onun ixtira etdiyi edam aləti onu sevdiklərindən məhrum edəcək.
İnqilab sərt üzünü göstərməyə başlayanda XVI Lüdovikin taleyi tükdən asılı qalır. Heç nədən insanları küçədə həbs edir, "aristokratların cəsusu” kimi Gilyotendə edam edirdilər. İxtiraçı kralın edam ediləcəyini eşidəndə dəhşətə gəlir. 1793-cü il yanvar ayının 21-də Gilyoten qurğusu Fransa kralının həyatına son qoyur. Kraliça Mariya Antuanetta da edam olunanda Gilyoten dəlilik dərəcəsinə çatır. Axı, o, kraliça Mariya Antuanettanı gizlincə sevirdi! Sonralar onun ixtirası bir çox şəxsləri başlarından edir.
Gilyoten depressiyaya düşür və hörmət etdiyi hər bir şəxsin edam olunmasında özünü günahkar sayır. Başı üzülmüş insanların simaları onu yuxuda da təqib edirlər. Napoleon hökumətinə xahişlə müraciət edir ki, edam alətinin adı dəyişdirilsin. Lakin hökumət onun xahişini rədd edir. Gilyotenin kənara çəkilməkdən başqa yolu qalmır və uzun sürən xəstəlikdən sonra 1814-cü ildə dünyasını dəyişir. Gilyotenin nəvə-nəticələri onlara utanc gətirən, lənət oxudan soyaddan imtina edirlər. Hər halda bu günədək Gilyoten soyadlı fransız qeydə alınmayıb. Təsəvvür edin, bu edam qurğusu 1981-ci ilə qədər, yəni Fransada ölüm hökmü ləğv edilənə qədər istifadə olunurmuş! Bu da dünyanın insan haqlarını qoruyan demokratik ölkələrindən biri... Əlbəttə, qoca Avropanın demokratiyası da neçə-neçə kəsik başların üstündə qurulub, onların qanı ilə suvarılaraq yetişib.
Ölüm hökmünü ləğv etməyən ölkələrdə isə yeni qurğulara ehtiyac duyulurdu. Hələ XIX əsrin sonlarında Amerika daha humanist edam maşını axtararkən, bir çox ixtiraya imza atmış Tomas Edison ortaya çıxır. (Əslində bu icadların çoxunun müəllifi Nikola Tesla idi, Edison onun köməyindən istifadə edir, ixtiralarını öz adına çıxarırdı. Patentləşdirdikdən sonra dünya Edisonun adı ilə icadları tanıyırdı. Buna görə də iki ixtiraçı sonralar düşmən olmuşdu.) 1880-cı ildə Edison nəinki elektrik stulunu icad edir, hətta mətbuat konfransı keçirib hər kəsin gözünün önündə heyvanları beləcə öldürür. Jurnalistlər dəhşətli yanıq ət qoxusundan boğulurlar.
Amma Edison buna məhəl qoymayıb. Qurğunu icad edənə qədər neçə-neçə heyvanı elektrik stulunda edam edib. O vaxtdan indiyə elektrik stulu istifadə olunur. Bəzi dəyişiklikləri çıxmaqla, prinsip eynidir. Əvvəllər başa da elektrik axını verilirdi. Sonradan anlaşıldı ki, beyinə ötürülən elektrik müttəhimə daha çox əzab verir və ölümü ləngidir. Hazırda isə elektrik sol çiyindən, sağ yançaqdan verilir ki, bu da birbaşa ürəyə təsir edir.
Daha bir "humanist” edam isə zəhərli iynədir. Amma bu üsul da özünü çox doğrultmur. Zəhərin istifadə tarixi keçəndə edam "uğurlu” alınmır. Hətta ABŞ-da bir dəfə zəhərin istifadə tarixi bitməyə az qaldığı üçün 8 müttəhimi təcili edam etmişdilər.
Əvvəllər opiat məhlulu ilə iynə vururdular. Tərkibində morfi olduğu üçün müttəhim həzz içində "ölürdü”, amma yas mərasiminin tən ortasında keşişin nitqini yarımçıq qoyub dirilirdi. Sonradan məlum oldu ki, müttəhimləri öldürmək əvəzinə onlara kef verirmişlər. İnsulindən də istifadə işə yaramadı. Komaya düşən adam yalnız 3-4 günə ölürdü, bu da vaxt aparırdı. 2006-cı ildən bəri barbiturat məhlulundan istifadə edilir. Edam olunan əvvəlcə heç bir ağrı hiss etməsə də, sonra bütün bədəni titrəməyə başlayır, onu tutub saxlamaq üçün əlavə adamlara ehtiyac duyulur. Bir sözlə, canini edam etmək üçün hələ də "humanist edam” axtarılır. Halbuki bunun ən insani yolu, elə edamdan imtinadır.
Aktual.az
Xəbər 1802 dəfə oxunub.