“Birmənalı şəkildə geni modifikasiya olunmuş kənd təsərrüfatı məhsullarından şoraba hazırlamaq qadağan olunmalıdır”.
Bunu AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, belə məhsulların insan orqanizmində əmələ gətirdiyi allergiya, xərçəng və sonsuzluq kimi xəstəliklər elm tərəfindən sübut olunub:
“Baxın, görün, bu məhsullar şorabalara çevriləndə insan orqanizmi üçün nə qədər təhlükəli olur. Ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullar insan həyatının sonu deməkdir”.
E.Hüseynov deyir ki, insanlar evdə şoraba hazırlamaqla özlərini zəhərləyirlər:
“Birmənalı şəkildə hamı bundan imtina etməlidir. Bazarlarda da minlərlə konservləşdirilmiş məhsullar satılır. Guya onların hamısı yoxlanılıb? Mən əminliklə deyirəm ki, onların da heç biri yoxlanışdan keçməyib”.
Ekspert iddia edir ki, insan həyatını yarımçıq qoyan böyük zəhərlənmələr şorabalardan başlayır.