“Ötən ilin ölkəmiz üçün olan uğurlarına baxanda mütləqdir ki, xüsusi olaraq Azərbaycanda ildən-ilə artan ictimai asayişin sabit olmasına, vətəndaşlarımızın və ölkəmizdə olan qonaqların təhlükəsiz şəraitdə yaşamasına, sərbəst şəkildə ölkəmizdə gəzmələrinə xüsusi diqqət yetirək. Hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı və peşəkarlığı, həmçinin ölkəmizin və dövlətçiliyimizin qorunması 2015-ci ildə bir daha özünü göstərib. Bütün bunlarla yanaşı, Azərbaycan hər il olduğu kimi transmilli cinayətkarlıqla mübarizə sahəsində də öz kəskin mövqeyini qoruyub”. Bu fikri ekspert Ramiz Alıyev ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlərdən danışarkən bildirib.
Ramiz Alıyev deyib ki, hər il olduğu kimi 2015-ci ildə də insan alverinə qarşı mübarizə sahəsində dövlətimiz öz barışmaz mövqeyini bir daha ortaya qoyaraq ölkəmizdən insan ticarəti üçün tranzit yolu kimi istifadə edilməsinə imkan verilməyib və insan alveri ilə məşğul olan cinayətkarlar məsuliyyətə cəlb edilib: “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun təsdiq etdiyi tədbirlər planına əsasən DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi həm bu cinayət növü ilə kəskin mübarizə aparıb, həm də vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edərək insanların maarifləndirilməsində yaxından iştirak edib. Eyni zamanda hər il olduğu kimi Prezident yanında QHT-lərə Dövlət Dəstəsi Şurası və Prezident yanında Gənclər Fondunun ayırmış olduğu maliyyə vəsaiti ilə vətəndaş cəmiyyətini təmsil edən bir çox təşkilatlar insan alverinə qarşı mübarizə sahəsində uğurlu layihələr həyata keçirib”.
Ekspert qeyd edib ki, bu sahədə çoxsaylı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, reklam çarxlarının hazırlanmasının böyük əhəmiyyəti vardır: “Mən xüsusi ilə vurğulamaq istərdim ki, bu mübarizə sahəsinə cavabdeh olan İnsan Alverinə Qarşı Mübarizə Komissiyasının və DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş Idarəsinin həyata keçirdiyi mübarizə tədbirləri, maarifləndirmə tədbirlərinə verdikləri dəstək, beynəlxalq konfranslarda ölkəmizi uğurlu təmsil etmələrini yüksək qiymətləndirilməliyik və 2015-ci ildə İnsan alverinə qarşı mübarizə sahəsində olan fəaliyyəti uğurlu hesab edirəm. Ancaq təbii ki, hər bir ölkədə olduğu kimi, biz də düşünürük ki, insan alverinə qarşı mübarizə sahəsində hələ görüləcək işlər çoxdur və bu cinayətkarlıq növü ilə daha da ciddi mübarizə aparmaq lazımdır”.
Aktual.az