Qüdrət Həsənquliyev: "Salome Zurabaşvilinin üzərində Fransanın böyük təsiri var”
"Azərbaycan heç kimdən icazə almadan dövlət sərhədlərimizə nəzarəti və Qarabağ üzərində dövlət suverenliyini bərpa etməkdə qərarlıdır”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibə verib.
Aktual.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, Gürcüstanda baş verənləri şərh etməyinizi istərdik. 2018-ci ildə Ermənistanda baş vermiş məxməri inqilabın Gürcüstanda təkrarlanması mümkündürmü?
- Ermənistanda məxməri inqilab ona görə baş verdi ki, Rusiya baş nazir Sarkisyana güc tətbiq etməyə icazə vermədi. Geniş xalq kütlələri bunu başa düşdü və küçələrə axışdı. Gürcüstanda isə İvanaşviliyə belə bir qadağa qoyulmayıb və qoyulmayacaq. Xalq da bunu bildiyindən aksiyalara kütləvi şəkildə qoşulmur.
- Hökumət aksiyalardan yayına bilərdimi?
- Əlbəttə. Böyük siyasətdə emosiyalara yer olmamalıdır. Saakaşvilinin müalicəyə buraxılmaması böyük səhvdir və bu səhvi düzəltmək lazımdır.
- Məxməri inqilab baş tutarsa, bu Azərbaycanın xeyrinə olar, yoxsa ziyanına?
- Biz qonşularımızla hər zaman dostluq və əməkdaşlığın tərəfdarı olmuşuq. Həm də Gürcüstanın böyük bir hissəsində azərbaycanlılar yaşayır. İstərdik ki, orda proseslər dinc və Konstitusiya çərçivəsində inkişaf etsin. Gürcüstanın indiki prezidenti Salome Zuravaşvili Fransa diplomatı olub və onun üzərində Fransanın böyük təsiri var. İnqilabın başında duran şəxslərdən biri də odur. Gürcüstanda fransayönlü bir hakimiyyət qurularsa, onun Azərbaycanla münasibətlərə mənfi təsiri mümkündür, baxmayaraq ki, Gürcüstanın həyati mənafeləri tələb edir ki, Azərbaycan və Türkiyə ilə dostluq etsin.
- Qarabağda baş verənlər barədə nə deyərdiniz?
- Azərbaycan heç kimdən icazə almadan dövlət sərhədlərimizə nəzarəti və Qarabağ üzərində dövlət suverenliyini bərpa etməkdə qərarlıdır. Ermənilər bunu
nə qədər tez anlasa, bölgəyə sülh bir o qədər tez gələr. Hazırda əlverişli şərait yaranıb və Azərbaycan hökuməti bu imkanı əldən verməməlidir. Hər gün Ermənistana və seperatçılara təzyiq artırılmalı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin alternativinin olmadığı onlara başa salınmalıdır. Ermənistan başa düşməlidir ki, onun inkişafı və vətəndaşlarının rifahı Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Azərbaycan dövlət suverenliyimizə qarşı yönələn hər cür təzyiqi bundan sonra da qətiyyətlə rədd etməlidir.
- Rusiyanın sülh prosesində rolunu necə qiymətləndirisiniz?
- Təəssüf ki, Rusiyanın fəaliyyəti ilə əlaqədar bizi narahat edən edən ciddi məsələlər var. Rusiyanın erməni xalqına rəğbəti varsa Ermənistana təzyiq etməlidir ki, Azərbaycana münasibətdə təcavüzkar siyasətindən imtina etsin, seperatizmi dəstəkləməsin. Bu zaman ola bilsin ki, erməni faşistləri bundan narazı qalsın, amma az bir müddət sonra, erməni xalqı buna görə Rusiyaya hər zaman minnətdar olacaq. Həm də təkcə erməni xalqı yox, Azərbaycan vətəndaşları da, Türkiyə dövləti də. Bu isə bölgədə inkişafa və daha sıx inteqrasiyaya, təhlükəsizliyə yol açacaq. Proseslərin qansız inkişafı üçün Rusiya ilə intensiv qaydada işləməkdə davam etməliyik.
Xəbər 1165 dəfə oxunub.