Azərbaycan prezidenti İlham Əliyev Çinin Şaansi vilayətinin qubernatoru Lou Çincyanla görüşüb.
Aktual.az-ın məlumatına görə, L. Çincyan İ. Əliyevin Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından şad olduğunu bildirib.
“Siz görkəmli rəhbərsiniz” deyən qubernator prezident İ. Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın yaxşı inkişaf etdiyini vurğulayıb. Rəhbərlik etdiyi vilayətlə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən L. Çincyan qədim İpək Yolu üzərində yerləşən Şaansi vilayətinin tarixi haqqında danışıb. O, burada sənayenin müxtəlif sahələrinin inkişaf etdiyini, telekommunikasiya sahəsinin müasirləşdirilməsi ilə bağlı bir çox tədbirlərin görüldüyünü diqqətə çatdırıb. “Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq” deyən qubernator bildirib ki, prezident İlham Əliyevin Siana səfəri Azərbaycanla Şaansi vilayəti arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək, energetika və humanitar sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.
Prezident İlham Əliyev isə Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından məmnun qaldığını, bunun bir çox səbəblərinin olduğunu deyib. Dövlət başçısı bildirib ki, Şaansinin qədim tarixi, güclü iqtisadiyyatı və sənayesi var. Terrakota Muzeyinin onda böyük təəssürat yaratdığını deyən prezident İlham Əliyev bunu Çin xalqının qədim tarixə və mədəniyyətə malik olmasının göstəricisi kimi dəyərləndirib. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, eyni zamanda, Şaansi vilayətinin məhsulları ilə Azərbaycanın daha yaxından tanış olmasına imkan yaradacağını deyən İ. Əliyev respublikamızın Çinlə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyində olduğunu bildirib. Dövlət başçısı deyib ki, Azərbaycanda son illərdə sürətli iqtisadi artım müşahidə olunur və ölkəmiz uğurla inkişaf edir. Bu da ölkələrimiz arasında fəal qarşılıqlı əməkdaşlığın həyata keçirilməsinə kömək edir.
Görüşdən sonra Şaansi vilayətinin qubernatoru L. Çincyan adından Azərbaycan prezidentinin şərəfinə qəbul verilib.