Çingiz Mustafayevin anım günüdür

Çingiz Mustafayevin anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin anım günüdür.

Aktual.az xəbər verir ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı "Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq, 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı olub.

Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə, 215 kl studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapıb.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb.

O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə, Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də şəhid olub. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

Qeyd edək ki, Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR