Tanınmış yazıçı, “Neftçi”nin Müsahidə Şurasının sədri Çingiz Abdullayev bir həftə öncə sensasion açıqlaması ilə gündəmə gəlmişdi.
O, "Qarabağ"la "Qəbələ"nin taleyinə birbaşa təsir edəcək qərar verdiyini bildirmişdi:
"Beynəlxalq PEN-klub məndən tələb etdi ki, jurnalist Rasim Əliyevin ölümünə görə Azərbaycan PEN-klubunun rəhbəri kimi müraciətə qol çəkim ki, Azərbaycan klubları 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılsınlar. Onlar təzyiq edərək “Qəbələ” ilə “Qarabağ”ı Avropa Liqasından uzaqlaşdırmaq istəyirdilər. Təcili zəng vurdum AFFA-ya və məsləhətləşdik. Mənə bildirildi ki, məsələnin əsl mahiyyətini beynəlxalq PEN-kluba izah etmək lazımdır. Amma biz vaxtında bu məsələni bağlaya bildik. Fikrimcə, Azərbaycan futbolu üçün böyük iş gördük”
Korner.az saytı isə Pen-klubun Şöbələr və komitələr rəhbəri Pol Fineqanın açıqlamasını yayıb. Qurum rəsmisi Çingiz Abdullayevin iddialarına cavab verərək onların Azərbaycanda nümayəndəliyi olmadığını bildirib. O, həmçinin Çingiz Abdullayevi tanımadığını da sözlərinə əlavə edib.
Məsələni dəqiqləşdirmək üçün “Qafqazinfo” Çingiz Abdullayevlə əlaqə saxlayıb. O, Pen-kluba aid bütün sənədləri rəsmi sayt vasitəsilə yayımlanacağını deyib: “Pen-klubun Azərbaycanda rəsmi nümayəndəliyi olmasına aid bütün sənədləri - sertifikatı, şəhadətnaməni, qeydiyyat kağızı rəsmi sayt vasitəsilə yayımlayacağıq. Hansısa bir jurnalist durub özündən yalan məlumat yayır. Biz bunu sübut edəcəyik”.