Gültəkin Hacıbəylinin wikpediası 2 il əvvələ qədər bu cümlə ilə başlayırdı:"Görkəmli siyasətçi”. Sonra abır edib pozdular. Kreativ qardaşlardan birinin feysbukda yazdığı tutumlu şərhdən sonra: "Görkəmli yetır. Siyasətçi sözünə ehtiyac yoxdur”.
Eynən deyildiyi kimidir. İngilis dili müəllimliyindən ingilis bayrağına qədər qət edilən yolda Gültəkin heç bir zaman siyasətçi ola bilmədi. Səbəb ağlı ilə qeyri-adekvatlıq təşkil edən ambisiyasımı idi, təcrübəsizlikmi idi, yoxsa nə - orası məlum deyil. Amma yekun etibarilə həqiqətən, ha çalışdı alınmadı. Bata-bata getdi. Ortalıqda yalquzaq kimi qaldı. Düşdü cəngəlliyə. Keçmişi ilə gələcəyi, arzuları ilə günahları arasında çabalaya-çabalaya qaldı. Sosial şəbəkələrdəki laykları, hər statusunda bol-bol qoyduğu smaylıkları, pafosu və həmin pafosa yönəlik saxta qarşılıqları həyata sarılmaq üçün saman çöpünə çevirdi. Ucuzlaşdı. Adamlıqdan çıxdı. Bütün qırmızı və qızıl xətləri tapdaladı.
Gültəkin paranoikdir. Məsləkdaşı Əli Kərimli kimi. Adamın düşüncəsinə görə hamı işini-gücünü atıb onu izləyir. Qaynana ilə problem yaşayır, günahı bizdə. Xəstələnsə, virus tutsa deyəcək iqtidar düzüb-qoşub. Bir ara aləmə car çəkdi. Oğlumu ölkədən buraxmırlar deyə. Amma təyyarə bileti alanda məlum oldu ki, nə oğluna, nə özünə "stop”- filan qoyulmayıb. Ya da nə bilim, məhəllələrində yağış yağsa hakimiyyətdən biləcək. Ki, ayağı sürüşsün deyə düzənləyiblər. Hərçənd ayağı sürüşkənliyin fəsillə, hava ilə nə qədər bağlı olub-olmaması da ayrı müzakirənin mövzusudur.
Gültəkin Parlament tarixinin bəlkə də yeganə nümunəsidir ki, dairədəki obyektlərinin sayı seçicilərinin sayından daha çox olub. Elə ancaq ailə üzvlərinin adına rəsmiləşən 1000 hektardan çox torpaq, iri daş karxanası, restoranlar, kafelər, obyektlər həmin qəbildəndir. 2005-2010 aralığında işləyən icra başçıları isə onun əlindən qan ağlayıblar. Çatana "yükləyib”. Yetdiyindən nəsə qamarlayıb. Qırmızıca. Üzsüzcə. Gültəkin həmin meşşandır ki, rəhmətlik Anar Məmmədxanovun yasında ətrafındakılara: "Hakimiyyət əlimdən hər şeyi alıb, sadəcə aylıq 30-40 min cib xərci saxlayıb”- şikayətində bulunub. Gültəkin həmin buqələmundur ki, YAP-ın mitinqində elədiyi çıxışı sadəcə ad dəyişərək və nöqtəsinə, vergülünə belə toxunmadan "Milli Şura”nın mitinqində də söyləyə bilib. Gültəkin elə bir riyakardır ki, onu danışdıran səbəb nə xalqa olan sevgidir nə də hakimiyyətə olan inamsızlıq. Onu danışdıran səbəb MANDATSIZLIQDIR! Sadəcə mandatsızlıq.
Son zamanlar feysbuk statuslarına guya sarkazm qatır. Bəsit ağlının təbirincə şirinlik edir. Hələ öz aləmində hakimiyyətin boşluqlarını da tapır və müqayisə zəminində söyləyir ki, hə də, son 30 ildə hakimiyyətdə Əli Kərimli olub və bütün günahlar onundur.
Stilistikanı dostun Cəmil yesin. Duzsuz qız. Zarafat da alınmır səndə. Amma madam yeni xəttin budur, o zaman elə öz üslubunda cavabını verim: Hə, də...5 illik deputatlıq müddətində hakimiyyətdən 3 ev alan adam mənəm, Elşən Musayev. Goranboyu yeyib dağıtmağım qalsın bir yana, Mehdiabadda 12+12+9, Goradıldə 30, Xırdalanda 60, Şamaxı rayonunun Qalebuğurd kəndində 12 sot torpaq sahəsinin, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 179 kv-lıq, yenə həmin küçədə 180 kv -lıq, Yasamal rayonu İnşaatçılar prospektində 72 kv-lıq, Səbail rayonu, Mehdi Hüseyn küçəsində 120 kv-lıq, Nəsimi rayonu, Səməd Vurğun küçəsində 150 kv-lıq mənzillərin, Şeyx Şamil küçəsində ucu-bucağı olmayan ofisin sahibi də mənəm, Elşən Musayev! Özünü dahi siyasətçi sanıb da...realda "tıq-tıq xanım” obrazından o yana keçə bilməyən, yekunda isə qaranəfəs hikkəsi ilə baş-başa qalaraq çərə və çürə gedən özündən müştəbeh də mənəm, Elşən Musayev! Xəyanətkar səfirlə, Göyçay narı haqda dissertasiya yazan oliqarxla "ictimai-siyasi” prosesləri sıx-sıx müzakirə edən, hətta gərək duyulduğunda həmin müzakirələri xaricdə, 5 ulduz otellərdə xüsusi "dinləmələrlə” davam etdirən də mənəm, Elşən Musayev! Villasında şir balası saxlayan, qohum-əqrəbasını da aeroportun VİP-indən keçirən, biznes-klass biletləri ilə təmin edən, deputatlığı bəyənməyib Xarici İşlər Naziri olmaq istəyən, çörəyi dizinə "skotç”la belə yapışmayan adam da mənəm, Elşən Musayev! Xarici diplomatlarla gizli iş çevirən, "Zoom” üzərindən düzənlənən tədbirdə "Neftin qiyməti düşsəydi dövlət batardı” – arzusuna köklənən, ardınca da "tərbiyəvi əhəmiyyətə malik ziyalı şaqqanağı” çəkən, Əli Kərimli kimi qolçomağı, uğursuz partizanı siyasət qibləsi kimi görən də mənəm, Elşən Musayev!
***
Gültəkin Hacıbəyli İlham Əliyevin Şuşa və bütünlükdə Qarabağ zəfəri haqda danışmağa, xoş söz söyləməyə ehtiyat edir, amma zamanında Şuşanı satanların şəninə tərif deməkdən usanmır. Utanmaqdan keçib, məhz usanmır!. Gültəkin Hacıbəyli Azərbaycan iqtidarını cəsarətsizlikdə suçlayır, amma zamanında bir Surət Hüseynovun qarşısında dayana bilməyənlərin qalxanına, müdafiəçisinə çevirilir. Gültəkin Hacıbəyli dövlət səviyyəli tədbirə təşrif buyuran başqa ölkənin Prezidenti – Maduronun gəlişini ələ salır, "bu da sizin dostunuz” başlığı ilə məsxərəyə qoyur, amma anlamır ki, protokol deyilən bir şey var, küt başına yerləşdirə bilmir ki, Azərbaycana bir tək Maduro deyil, digər dövlətlərin başçıları da gəlir, Avropa ölkələrinin liderləri də gəlir, qardaş ölkənin rəhbəri, ən dar gündə yanımızda olan Ərdoğan da gəlir.
Ayrıca, adama sual verən gərək ki, sizin dostlar kimdir bəs ay Gültəkin? Karikatura Qənimətmi? Ukrayna səfiri yanında + elə sənin bir addımlığındaca öz ölkəsini "baqaj”a qoymaq istəyib də alındıra bilməyən, səfirin özü tərəfindən yerində oturdulan Tofiqmi? Mister Binin üz əkizi olan Əli Kərimlimi? Qabilmi, Turalmı, Vidadimi? Yoxsa sizləri hərraclarda lom qiymətinə satın alan xarici kəşfiyyat orqanlarının nümayəndələrimi? Beynəlxalq tədbirlərdə yanaşı oturduğunuz erməni diasporasının fəallarımı?
Sən bilirsənmi indi hardasan? Çəngəllə bıçağı hansı əldə tutmaq haqda belə təsəvvürü olmayanların yanında. Ömründə 1 kitab oxumayan lələkli kamikazdzelərin əhatəsində. 50 Partiyanın erməniyə qarşı imzaladığı bəyanata qoşulmayan, Şuşanın, Ağdamın, Kəlbəcərin azadlığına sevinə bilməyən, Azərbaycanın, İlham Əliyevin qələbəsinə erməninin özündən daha betər kədərlənən ünsürlərin çevrəsində...
Nəhayət: Təxminən 2 ay əvvəl Amerikadan veriliş yayımlayan çəpgöz "çeburaşka” tərəfindən Hacıbəyliyə belə bir sual ünvanlanmışdı ki, necə oldu müxalifətə keçdiz? Cavab konkret idi: "Adımı təmizləmək üçün iqtidarı müdafiədən imtina etdim”.
Bir dəfə Cəmil Həsənli haqda da nəsə bu sayaq söhbətlər yayılmışdı. Dəqiq xatırlamıram, amma deyəsən ya hansısa addan, ya da ordendən imtina etmişdi. Ona görə ikisinə də "topdan” cavab verim: Cəsarətiniz çatırsa, Parlament üzvü kimi dövlətdən aldığınız evlərdən, bağlardan imtina edin. Elə təpərlisinizsə bəyənmədiyiniz Parlamentin keçmiş mandatından, həmin mandatın sizə qazandırdığı, qazandıracağı pensiyadan imtina edin. Hünəriniz varsa 5-cə il müddətində yırtıcı kimi yağmaladığınız obyektlərdən imtina edin. Əlqərəz, pulla, maddiyyatla bağlı nədənsə imtina edin.
Adını düşünürmüş.
Təmizləyə-təmizləyə qalmışdın axı, o adı. Tək əngəl iqtidarı müdafiə imiş.
NağılBaz...
Elşən Musayev, Milli Məclisin deputatı
Xəbər 1663 dəfə oxunub.