"Həkimlər çox ağır xəstəliyimin olduğunu deyirlər. Həqiqətən də, bəzən çox pis ağrılar olur. Amma yaşamaq istəyirəm. Hamı kimi oynamaq, əylənmək, böyümək istəyirəm"
6 yaşlı Virsaviya Borun ən ağır və nadir xəstəliklərdən olan Kantrell pentalogiyasına (Pentalogy of Cantrell) mübtəladır. Ürəyi sinəsindən çöldə, qarnının üstündə doğulan Virsaviyanın xəstəliyinə, sadəcə, hər 5,5 milyon insandan birində təsadüf olunur.
Balaca Virsaviyanın yumruq boyda ürəyini aşkar görmək olur.
Qızı anası müalicə üçün ABŞ-ın Boston şəhərinə aparıb.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, həkimlərin dediklərinə görə, Virsaviyanın ağciyər aortasında qan təzyiqi həddən yüksək olduğu üçün hələlik əməliyyat mümkün deyil.
İllər əvvəl Borun ailəsi Rusiyanı tərk edərək ABŞ-a mühacirət ediblər və Cənubi Floridada məskunlaşıblar.
Anadangəlmə fəsadla doğulan Virvasiyanın anası Darya Borun dediyinə görə, qızının ürəyi sinəsindən aşağıda, qarnının üstündə olduğundan onda qarın və diafraqma əzələləri inkişaf etməyib.
"Qızım çox nikbin, şən uşaqdır. Rəqs etməyi, şəkil çəkməyi çox sevir. Beyonsenin fanatıdır", - Darya Borun söyləyib.
Kantrell pentalogiyası və ya həkimlərin öz aralarında "pentada" dedikləri sindrom çox ağır xəstəliklər arasındadır. Bu sindrom cərrahiyyə əməliyyatı vasitəsilə aradan qaldırılır. Ağır, üzücü müalicə aparılmazsa, pasiyent ölür.
Darya Borun dediyinə görə, qızının əməliyyat olunması üçün çox böyük məbləğdə pul gərəkdir: "İmkanı olan insanlara, xeyirxah şəxslərə müraciət edirəm: qızıma yardım edin... Uşağımı təkbaşına böyüdürəm, əməliyyat üçün pulum yoxdur".
Virsaviyanın məruz qalacağı əməliyyatlardan ilki üçün 20 min dollar gərəkdir.
Həmin məbləğin 15620 dolları artıq yığılıb.