Çin ABŞ-ın Tayvana irihəcmli silah satışına cavab olaraq bir sıra Amerika hərbi-sənaye şirkətləri və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
Aktual.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi Pekinin açıqlamasına görə, ABŞ-ın bu addımı "vahid Çin” prinsipini və Çin–ABŞ birgə kommünikelərini ciddi şəkildə pozur, ölkənin daxili işlərinə müdaxilə edir və Çinin suverenliyi ilə ərazi bütövlüyünə zərbə vurur.
Qərara əsasən, "Northrop Grumman”, "Boeing”, "L3Harris Maritime Services” də daxil olmaqla 20 ABŞ hərbi-sənaye şirkətinin Çindəki bütün daşınar və daşınmaz əmlakı dondurulacaq. Çin ərazisində fəaliyyət göstərən təşkilat və fiziki şəxslərə bu şirkətlərlə istənilən əməkdaşlıq və əməliyyatlar qadağan edilib.
Bundan əlavə, 10 yüksək vəzifəli menecerə qarşı da sanksiyalar tətbiq olunub. Onların ölkə ərazisindəki aktivləri dondurulacaq, Çinlə hər hansı əməkdaşlıqları qadağan ediləcək, həmçinin Çinə girişlərinə icazə verilməyəcək.
Sanksiyalar Çin Xarici İşlər Nazirliyinin müvafiq fərmanı ilə bu gündən qüvvəyə minib.
Xəbər 53 dəfə oxunub.