Çin bir neçə ildir gizlətdiyi raketi ilk dəfə cümə axşamı nümayiş etdirəcək.
Aktual.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Çin hərbi ekspertlərinə istinadən ABŞ-ın “The Financial Times” nəşri yazıb.
Dunfen-21D (DF-21D – “Şərq küləyi”) ortamənzilli gəmi əleyhinə ballistik raket İkinci Dünya müharibəsində qələbənin 70-ci illiyinə həsr edilmiş paradda nümayiş etdiriləcək. Ballistik raketi “təyyarədaşıyanların qatili” adlandırırlar.
Pekində keçiriləcək paradda hərbi texnikanın 500 vahidi və 12 min hərbi qulluqçu iştirak edəcək.
Hərbi ekspertlər hesab edirlər ki, raketlər regionda güc balansını dəyişdirməyə qadirdir. Çinin Müdafiə Nazirliyi, ümumiyyətlə, yeni silah haqqında susur. Nazirlik yalnız 2011-ci ildə təsdiqləyib ki, DF-21D raketi hazırlanma mərhələsindədir. Qərb hərbi ekspertlərinin qiymətləndirmələrinə görə, raketin uçuş məsafəsi 900-1500 kilometr təşkil edir. Raket səsin sürətindən 10 dəfə daha yüksək sürətlə yeri dəyişdirə bilir. Bu isə onun havada məhv edilməsini mümkünsüz edir.
Bəzi analitiklər hesab edirlər ki, Çin raketləri Amerika təyyarədaşıyanları “zibil vedrələri”nə çevirə bilər. Bildirilir ki, ABŞ təyyarədaşıyanları 1941-ci ildə yaşadığı taleyi yaşaya bilər. 1941-ci ili dekabrın 7-də tərkibində 6 təyyarədaşıyan gəmi olan yapon eskadrası gizlincə ABŞ-ın Sakit okean donanmasının Havay adalarındakı Perl-Harbor bazasına güclü zərbələr endirib. ABŞ-a məxsus 8 linkorndan 5-i batırıldı, 3-ü zədələnib.
“Çin Xalq Respublikasının dövlət başçısı Şi Tszinpinin ABŞ-a səfəri öncəsi raketin nümayişi Vaşiqntona müəyyən siqnaldır”, - “The Financial Times” nəşrinin məqaləsində deyilir.
Sidney Universitetinin elmi işçisi Eşli Taunşendanın sözlərinə görə, DF-21D raketi simvolik məna daşıyır. O qeyd edib ki, bu raket Çin sahilləri yaxınlığında ABŞ-ın hərbi güc tətbiq etmək imkanlarını heçə endirir.
Bundan başqa, ABŞ gözləyir ki, Çin paradda səsdən sürətli gəmi əleyhinə YJ-12 raketini nümayiş etdirəcək. Bu raketlər Xian H-6 strateji bombardmançı təyyarələrinin içinə yerləşdirilə bilər.
Amerikalı hərbi ekspert Riçard Fişerin fikrincə, Çinin müdafiə sənayesində baş verənlər Asiyada güc balansını ABŞ-ın əleyhinə dəyişdirir.