Çin klublarının maliyyə imkanlarının yüksəlməsi transfer bazarındakı fəallıqla müşayiət olunur.
Aktual.az sport7.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın qol silahı Reynaldo da Gündoğar ölkə təmsilçilərinin hədəfinə düşüb. "Beijinq Enterprises" klubu braziliyalının xidmətində maraqlı olub. Bunun üçün Azərbaycan çempionuna rəsmi təklif də göndərilib.
Çinlilərin 18 yanvar 2016-cı il tarixində təklif etdiyi məbləğ Azərbaycan futbolu üçün fantastik hesab edilə bilər. Asiyalılar Reynaldonu heyətinə qatmaq üçün "Qarabağ"a 3 milyon avro ödəməyə hazırlaşırmış. Reynaldo adıçəkilən klubda hər ili üçün 1 milyon 200 min avro məvacib ala bilərdi. Çinlilər aparıcı futbolçu ilə 2+1 illik sözləşmə bağlamaq niyyətində olub. Ancaq zədəli olan Reynaldo tibbi baxışdan uğurla keçə bilməyib. Onun zədəli olması "Qarabağ"ı 3 milyon avrodan edib.
"Beijinq Enterprises"in Reynaldo sevdası baş tutmadıqdan sonra onlar "Bordo" klubuna müraciət ediblər. Alternativ variant kimi, eyni şərtlərlə fransızların qolçusu Şeyx Diabateyə təklif irəli sürülüb. Ancaq "Bordeaux" futbolçunu satmaqdan imtina edib.