Jurnalistikaya qabiliyyət imtahanından az sayda abituriyentin keçməsi bu vasitənin özünü doğrultmadığını göstərdi.
Aktual.az xəbər verir ki, bu fikri Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli deyib. Kafedra müdiri Report-a bildirib ki, ötən il qabiliyyət imtahanından az sayda abituriyentin keçməsinin təsadüf olduğunu hesab edib:
“Bu il də eyni vəziyyət yarandı və bu halın təsadüf olmadığını düşünürəm. Nöqsanlardan ən başlıcası imtahan götürən adamların pedaqoji peşəkarlığının olmamasıdır. İmtahan götürən insanlar jurnalistikaya həvəslə gələn abituriyentlərdən çox yüksək, az qala özlərinin səviyyəsində peşəkarlıq tələb edirlər. Bu fikri ötən il səsləndirdiyimiz üçün elə bilirdik ki, TQDK imtahan prosesində müəyyən dərəcədə dəyişiklik edəcək”.
C.Məmmədli təklif edib ki, qaydaların üzərində yenidən işlənməlidir:
“Əgər mümkün deyilsə, növbəti ildən qabiliyyət imtahanı tamamilə götürülsün”.
Bu il qabiliyyət imtahanında iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri ümumiyyətlə imtahana gəlməyib. İmtahanda iştirak edən 163 abituriyentdən isə cəmi 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentidir.