"Azərbaycan və Ermənistan parlament sədrlərinin Cenevrədə mühüm görüşü, vətəndaş cəmiyyəti təmsilçilərimizin İrəvana səfəri dövlətimizin sülh və etimad quruculuğunda möhkəm iradəsini göstərir. İki xalqın düşmənçiliyindən qazanan keçmiş imperiya varislərinin Bakı-İrəvan arasında yaranan barışı alqışlamaması təəccüblü deyil.
Düz 22 il əvvəl, Strasburqda Robert Koçaryan "azərbaycanlılar və ermənilər etnik cəhətdən bir yerdə yaşaya bilməzlər” deyərkən, əsrlərlə müharibə aparan almanlar və fransızlar irqçi bəyanatı pisləmədilər. Halbuki əbədi düşmənçilik, koçaryanları haqlı çıxarar. Ona yol vermək olmaz!
Əlbəttə, 30 illik məhrumiyyətləri, 23 min şəhidimizin müqəddəs qanını heç vaxt unuda bilmərik, lakin müharibəni uduzan erməni xalqının 54 faizi, yəni 700 min nəfəri hazırkı baş nazirə səs veribsə, məğlubiyyətlərini və birgəyaşayışı qəbul ediblər. Deməli, ermənilərin ən azı yarısı "bir günüm də türklərlə mübarizəsiz olmasın” deyən faşist Njdenin ideologiyasından xilas olublar.
Ölkə rəhbəri dəfələrlə bəyan edib ki, işğal və təcavüz Cənubi Qafqazı inkişafdan geri qoyub.
Xatırladaq ki, 1987-ci ildə münaqişə yenicə başlayanda Azərbaycan Ermənistana 388 min ton benzin, 375 min ton dizel, 1.8 milyon ton mazut, kimya və metallurgiya məhsulları ixrac edirdi. Özü də SSRİ Plan Komitəsinin qərarına görə, demək olar, pulsuz. Halbuki, indiki qiymətlə 3 milyard dollardan çox edir.
Əgər bölgədə barış olarsa, cəmi 15 il sonra region görünməmiş inkişafa qovuşacaq, 2 milyona qədər yeni iş yeri açılacaq, 16 milyon əhalisi olan vahid məkan yaranacaq, sürətlə silahlanmaya çəkilən xərclər milli həyatın başqa sahələrinə qoyulacaq.
Unutmayaq ki, 100 il qabaq böyük Üzeyir bütün qafqazlıları sülhə çağırırdı.
Xalqımız qalıcı barışın tərəfdarıdır. Çünki tarixən İrəvan azərbaycanlı kimliyini Bakı ilə birgə əks etdirib.
Qarabağın azadlığı regionda sülh deməkdir. İndi xalqların müharibədən yox, barışdan qazanmasının vaxtıdır”.