Vəkil: “Orxan Nadirov da cinayət məsuliyyətinə cəlb olunacaq “
“Vüqar 4 il azadlıqdan məhrum olundu. Bəs Orxan Nadirov? Onun barəsində də axı cinayət işi başlanılmalı idi”. Bu sözləri xalq artisti İlhamə Quliyevanın həbsdə olan sabiq köməkçisinin vəkili Vasif Mirzəyev bildirib.
Qeyd edək ki, mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğunun yaxın dostu olan Vüqar Bəkirov dələduzluq ittihamı ilə 4 il azadlıqdan məhrum edilib. Vəkil Vasif Mirzəyevin sözlərinə görə, tezliklə məsələ ilə bağlı Orxan Nadirov da məsuliyyətə cəlb olunacaq: “Onlar dələduzluq ediblər, potensial cinayətkar, dəfələrlə məhkum olunmuş insanlardır. Mehriban Hüseynova hər ikisinin əleyhinə verdiyi ifadələri əsasında həbs olunub. Günahlandırırlar ki, guya İlhamə Quliyevanı öldürmək niyyətində olub. Bunların hamısı qurma işlərdir”.
Vəkil onu da vurğulayıb ki, yaxın gələcəkdə Mehriban Hüseynova, Orxan Nadirov və Vüqar Bəkirov arasında üzləşmə prosesi olacaq”. Xalq artistinin oğulluğu Orxan Nadirovun vəkili Habil Vəliyev isə məsələyə bu cür münasibət bildirib: “Orxan həbs olunmayacaq. Çünki onun heç bir cinayət tərkibli əməli yoxdur... Tezliklə rəsmi şəkildə Orxan Nadirovun İlhamə xanımın oğlu olduğu sübut olunacaq. Bu barədə tezliklə mətbuata açıqlama veriləcək”.
Xatırladaq ki, Orxan Nadirovun adı son vaxtlar miras məsələsindən daha çox borc qalmaqalında hallanır. Belə ki, əməkdar artist, müğənni Firuzə İbadova ona borclu olduğu 4500 manatı qaytarmadığına görə Orxan Nadirov barəsində baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ünvanladığını bildirib.
// Aktual.az