Sərxan Kərəmoğlu: “Gənc bir adamın həyatını məhv edib getdi... “; “Kraliça kimi yaşadığını desə də, əslində... “; Musavat.com-un əməkdaşı mərhum xalq artistinin evindən yazır
Avqustun 17-i mərhum xalq artisti, müğənni İlhamə Quliyevanın doğum günü idi. Sənətçi yaşasaydı 73 yaşı tamam olacaqdı. Buna qədər sənətçi hər zaman öz doğum gününü mətbuatın gözü önündə, yadda qalan, təmtəraqlı keçirməyə çalışırdı. Onun şad gününə isə adətən çoxlu sayda həmkarları, sənət dostları gələr, haqqında bolluca təriflər deyər, gül-çiçək yağışına tutardılar.
Maraqlıdır, bəs görəsən ölümündən sonra qeyd olunan ilk doğum günündə xalq artistini kimlər və necə andı?
Müğənninin dayısı oğlu Eldar İsmayılov bu günlərdə lent.az saytına açıqlama verərək bildirmişdi ki, avqustun 17-də doğum günü ilə bağlı mərasim keçiriləcək özəl günündə yalnız onun sənətinə yaxın olan insanlar dəvət olunacaq: "Əslində, İlhamə xanım dünyasını dəyişən gündən sonra onun xatirəsi üçün gözəl bir gün təşkil etmək istəyirdim. Amma düşündüm ki, bunu elə onun ad günündə etsəm, daha yaxşı olar. Artıq qərar vermişəm, avqustun 17-də İlhamə xanımın ad günü ilə bağlı tədbir olacaq. Həmin günə mərhumənin sənət dostları və şou-biznesin bir çox tanınmış simaları dəvət olunacaq.
Doğum günü qeyd olunan məkan isə İlhamə xanımın ən sevdiyi yerlərdən biridir. Onu da deyim ki, həmin görüşdə İlhamə xanım barədə bir çox məlumatlar veriləcək. Onun mənə söylədiyi arzularını, istəklərini qonaqların diqqətinə çatdıracağam”.
Müğənninin oğulluğu Orxan Nadirov isə bir neçə gün öncə əməkdaşımıza açıqlamasında doğum günü ilə bağlı mərasimə hazırlaşdığını, mərasimin isə evdə təşkil ediləcəyini demişdi.
Burdan da məlum olurdu ki, müğənni üçün yaxın qohumları doğum günü mərasimini ayrı-ayrılıqda, ayrı məkanlarda keçirəcək.
Məsələyə aydınlıq gətirmək, mərasimin keçiriləcəyi yeri dəqiqləşdirmək üçün müğənninin bacısı Gülbahar Quliyeva ilə əlaqə saxladıq. G. Quliyeva isə müğənninin evində təşkil olunacaq məclisdən xəbərsiz olduğunu dedi: “İki bacı qohumlarımız ilə birgə səhər getdik qəbir üstə, Yasin oxutdurduq, gülləri qoyub gəldik evimizə. Bundan artıq... Onun evində keçiriləcək məclisdən mənim xəbərim yoxdur. Evinin açarı Orxandadır, biz ora gedə bilmərik”.
Gülbahar Quliyeva sənətçinin doğum günü ilə əlaqədar yaxın günlərdə dövlət səviyyəsində mərasim keçiriləcəyini istisna etmədi: “Yəqin ki, dövlət səviyyəsində nəsə olacaq və əlbəttə ki, biz iştirak edəcəyik”.
Səssizliyə qərq olmuş məzar...
Bəs görəsən xalq artistini doğum günü evində kimlər andı, xatırladı? Sualımıza cavab tapmazdan öncə ilk olaraq müğənninin uyuduğu II Fəxri Xiyabana yollandıq. Xiyabana günorta saat 2 radələrində çatdıq. Və çatan kimi də təəccübümüzü gizlədə bilmədik, məzar daşının ətrafında yalnız 3 gül çələngi var idi. Onlardan biri bacılarından, digəri “Ağ çiçəyim” mağazasından, sonuncusu isə “Qızıl Aypara Cəmiyyəti”ndən mərhuma ithaf olunmuşdu. Məzarı üstə isə tək-tük, artıq solmağa başlayan güllər nəzərə çarpırdı. Ətrafda isə bir kimsə gözə dəymirdi, nə qohumlardan, nə onun ətrafında şəkil çəkdirib öyünən, şərəfinə təriflər, alqışlar yağdıran həmkarlarından, nə də sənətinə pərəstiş edənlərdən...
“Gənc bir adamın həyatını məhv edib getdi... “
Beləcə mərhum müğənninin səssizliyə qərq olmuş məzarını ziyarət etdikdən sonra evinə yolandıq. Qapını üzümüzə açan müğənninin oğulluğu Orxan Nadirov oldu. Gəlişimizi gözləməsə də, evə dəvət etdi. İçəri keçib müğənninin cəmi-cümlətanı iki il yarım yaşadığı evə, xeyli pul xərcləyib aldığı, amma heç vaxt ifa edə bilmədiyi royala, gülümsəyən portretlərinə nəzər salırıq. Mərhum sənətçi tez-tez bu evində çəkilişlər aparar, bahalı əşyaları ilə fəxr edərdi. Onun vəfatından sonra isə evdə ilk çəkiliş gənc müğənni Ramal İsrafilovun klipi ilə bağlı olub...
Orxan Nadirovun dediyi kimi, mərhumun evində süfrə başında kiçik anım məclisi keçirilirdi. Müğənninin yaxın ailə dostları Sayalı xanım, Səkinə xala (bu cür müraciət olunurdu), Orxan Nadirovun anası Lalə xanım, bacısı, qardaşı və digərləri kiçik məclis süfrəsi arxasında əyləşmişdilər. Tanınmış simalardan isə yalnız aktyor Sərxan Kərəmoğlu məclisdə iştirak edirdi.
“İlhamə Quliyevanın bacıları, dayısı oğlu da məclisdə iştirak edəcəkmi?” sualımıza oğulluğu bu cür cavab verdi: “Hamısını dəvət etmişəm. Kim istəsə qapı açıqdır, gələ bilər”.
Məclisin söhbəti isə mərhum müğənninin ölümündən bu yana qohumları arasında səngimək bilməyən miras qalmaqalından, ölümünə yaxın yaşadığı çətin anların xatirələrindən ibarət idi.
Orxanın anası Lalə xanım oğlunun adının son vaxtlar miras qalmaqalında, xoşagəlməz olaylarda hallanmasından narahatlığını dilə gətirdi: “Mən Tükəzban xanımın bacısı qızıyam. Mənim ata-anam olsa da, mən və bacım Həbib müəllimin, Tükəzban xanımın (İlhamə Quliyevanın ata-anası X.G.) Yasamal rayonunda yerləşən evində böyümüşük. Onlar bacımı 3, məni isə 6 yaşından saxlayıblar. İlhamə xanımla bir evin içində bacı olmuşuq. Onlar məni Xarici Dillər Universitetində oxudub, ərə veriblər. Orxan ilk uşaq idi, nəvə kimi çox sevilirdi. Bununla bağlı disklər, fotolar var ki, biz bir ailə kimi yaşamışıq. Həbib müəllim həmişə deyirdi ki, “Orxan mənim nəvəmdir”. Hamı bilir bunu. Orxan axı indi neyləyib ki, onun haqqında pis məlumatlar yazdırırlar?! Guya ki, Orxan narkomandır”.
Söhbətin bu məqamında O.Nadirov özünü saxlaya bilmir: “Mən həmişə demişəm, indi də deyirəm ki, kim istəsə, istənilən adamla gedib narkoman olmadığım barədə ekspertizadan keçə bilərəm”.
Mərhum müğənni ilə uzun illər dostluq etmiş, lakin sonralar küsülü olan aktyor Sərxan Kərəmoğlu isə İ. Quliyevanın kaprizli xarakterindən, son günədək aralarında yaşanan olaylardan söz açdı: “Bizim aramızda o vaxt elə bir olaylar baş verdi ki, biz qərara gəldik ki, bir-birimizin işinə getməyəcəyik. Sadəcə salam var idi aramızda. Axırıncı dəfə xəstəxanada olanda zəng vurmuşdu. Dedim ki, getməyəcəm. Mən xəstəxanaya belə getmədim. Axırıncı görüşümüzdə isə dedi ki, “sən məndən qabaq öləcəksən”. Dedim ki, kim əvvəl ölürsə ölsün, amma qoymayacaqlar ki, bir-birimizin məzar üstünə gələk. Dedim ki, ölsən belə dəfninə gəlməyəcəm. Zarafatla dedi ki, heç olmasa gecəsini gələrsən. Beləcə dedik, güldük. Dəfnində iştirak etmədim, amma səhər azanına qədər burda oldum... Mənim bu gün burda olmağım İlhamə xanım üçün deyil. Onunla yaşadığımız xoş günləri nəzərə alaraq və Orxan üçün burdayam.
Xanım hədiyyəni də, pulu da xoşlayırdı. Hanı, heç nəyi aparmadı... Amma gənc bir adamın həyatını bədbəxt edib getdi. Əslində Orxan dava açmalıdır ki, onun həyatını məhv edib, əlindən alıb. Onu universitetdə oxumağa qoymadı. Zəng etdi ki, qiymət yazılmasın, qovulsun. Orxan üçün 3 iş yeri düzəlmişdi, biznes mərkəzdə və sairə. Dubayda maşın alveri etmək istədi. Onların adamlarını tapıb dedi ki, “bilsəm ki, Orxanla iş birliyi yaratmısız, evinizi yıxaram!” O, sevdiyi insanı özündən asılı vəziyyətdə saxlamağı sevirdi”.
“O heç vaxt kraliça kimi yaşamayıb”
Söhbətə uzun illər Quliyevlər ailəsi ilə yaxından dostluq edən Səkinə xala qoşulur. O, mərhumun uşaqlığından, ta ki, ölümünə qədər yanında olduğunu dedi: “Ürəyi təmiz insan idi. Bir mənfi cəhəti var idi, deyilən hər sözə inanırdı”.
“Kraliça kimi yaşadığını desə də, əslində... O heç vaxt kraliça kimi yaşamayıb”.
Bu sözləri isə aktyor Sərxan Kərəmoğlu dilə gətirdi: “Bu evi iki il olar ki, almışdı. Ona qədər çox sadə evdə yaşayırdı. Efirdə kraliçalar kimi yaşadığını desə də əslində çox çətin həyat yaşayıb. O, özünü çox sevirdi. Həmişə deyərdi ki, özünü sevməlisən ki, səni sevsinlər”.
Söhbət əsasında onu da öyrəndik ki, müğənni dəyəri çox olan royalında heç vaxt ifa edə bilməyib:
“Onu sadəcə bəzək üçün almışdı və deyirdi ki, Orxana hədiyyə edəcək”, – deyə yaxınları bildirdi.
Bu yerdə yadıma bir məqam düşür. Bir dəfə mərhum müğənnidən müsahibə almaq istəmişdim. Xalq artisti bu müsahibəni nə vaxtsa reallaşdıracağına, Fikrət Əmirovun onun üçün yazdığı “Mən səni araram” mahnısını xüsusi olaraq “Yeni Müsavat” üçün ifa edəcəyinə söz vermişdi. Təəssüf ki, müğənninin gözlənilmədən dünyasını dəyişməsi bu istək yarıda qalmışdı. Onsuz keçirilən doğum günündə bizim də bir töhfəmiz olsun deyə “Fikrət Əmirovun məşhur mahnısını ifa edirəm...
Aktual.az