İlhamənin bu qədər pulu var imiş... - Fantastik rəqəm

İlhamənin bu qədər pulu var imiş...  - Fantastik rəqəm

Bu günlərdə doğum günündə anılan, günün sonunda məzarı üstündən gül dəstələri oğurlanan mərhum İlhamə Quliyevanın adı az qala hər gün mirası üstə gedən qalmaqallarda hallanır.

Aktual.az Müsavat-a istinadən xəbər verir ki, ötən gün isə onun varidatının 2 milyon 707 min manat olduğu barədə məlumatlar yayıldı.

Bu barədə mərhum müğənninin sabiq köməkçisi, soyğunçuluqda adı hallanaraq həbs edilən Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev trend.az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə istintaqda İlhamə Quliyevanın sərvətinin qeyd olunan məbləğdə göstərilsə də bu, doğru araşdırılmayıb. Vəkil bu barədə məhkəmə qarşısında vəsatət qaldırıb, lakin baxılmamış saxlanılıb.

Vəkil Elmira Məmmədova İlhamə Quliyevanın sərvətinin dəqiq miqdarını müstəntiq və bir də Orxanın bildiyini söyləyib:

“Bacılar yalnız ata tərəfindən qohumdurlar, yəni, ögeydirlər. Ata bir olduğu üçün vərəsəlik onlara düşür, amma Orxanın məcburi payları var. Bütün ölkə bilir ki, o, İlhamənin oğulluğudur. Doğrusu İlhamənin səhvi ondan ibarət oldu ki, onu övladlığa götürəndə sənədləşdirmədi. İlhamənin evləri, bağları, banklarda pulları, brilliantları qalıb. Orxanı çağırıb Allah rizası üçün ondan halallıq almalıdırlar, çünki onun balasıdır. Bilmirəm Orxan onlara nə edib. Əli Mirəliyev mirasdan pay istəyir, bəs Orxan illərdir onun yanındadır, niyə ona pay düşməsin?! İlhamə rəhmətə gedəndə bütün məmurların hamısı Orxana başsağlığı verirdi, dayısı oğlu Eldara, Əli Mirəliyevə vermirdilər ki”.

Elmira Məmmədova mirasla bağlı keçiriləcək məhkəmədə Orxana dəstək olacağını da vurğuladı:

“Orxana dəstək verəcəm. İlhamə xanım rəhmətə getməmişdən iki ay öncə Neftçilər xəstəxanasında müalicə alırdı. Həftədə 3-4 dəfə yanına gedirdim. Orxan ona elə qulluq edirdi ki, heç qız anaya elə qulluq etməz. İndi “oyun çıxardanlardan” heç kimi o zaman orda görmədim.

Mən hər zaman gördüyümü, bildiyimi deyəcəm, heç kim mənim ağzımı qapaya bilməz. Əlli dəfə İlhamə xanıma sual verdim ki, “sizin bacı-qardaşınızdan kiminiz var?” Dedim “axı sizin atanız Məzahir evlənib, sizin bacı-qardaşlarınız olmalıdır?”. Bu sualı ona neçə adamın yanında vermişəm. Mən onun bacılarını heç vaxt görməmişdim. Dedi ki, “mənim heç kimim yoxdur, Tükəzban bircə məni doğub”. İndi amma əsgər qoşunu qədər qohumu çıxıb ortaya. Ölümündən 10 gün əvvəl isə dedi ki, “bircə dayım oğlu var, adı Eldardır”. Bacılarını sonra tanımışam. Orxanı övladı gözündə görməsəydi ona iki dəfə toy edərdi? Onun bütün mirası Orxana qalmalıdır. İslamda da var ki, bivarisin malı halallıqla bölüşməyəndə, o halal olmur”.

Aktyor Sərxan Kərəmoğlu isə müğənninin bank hesabı və digər mirasları ilə bağlı “Yeni Müsavat”a ilginc açıqlamalar verib:

“Prezidentə müraciət etmişdi ki, “oğlumu evləndirmək istəyirəm, gəlinimi yanımda saxlaya bilmərəm, mənə ev ver”.

Prezident ona ev də, pul da verdi. Həmin o evi satıb, pulları da götürüb qoydu banka. Həmin bankdakı hesabındakı pul odur. Hansı ki, dayısı oğlu Eldar İsmayılov tez-tez deyir ki, fond açmaq istəyir, həmin bankdakı pulların hesabına. Yəni bankdakı pullar Orxanın adına alınan pullardır.

Onun başqa yerdə evi var idi, onu da satdı. Orxanın toyundan təxminən 160 min pul yığmışdı, onların hamısını toparladı, 230 minə həmin yaşadığı evi aldı. Evin mebelləri, dizaynerinə birlikdə 100 min xərc çəkib.

Orxanı övladlığa götürməyi qanuni sənədləşdirmək istəyirdi. Telefon ilə keçmiş vəkilinə bu barədə müraciət edəndə ona 30 adda sənəd demişdilər. O da fikirləşirdi ki, bu qədər sənədi necə toparlayacaq. Beləcə o məsələ qaldı”.

Qeyd edək ki, xalq artistinə təxminən 330 min manata başa gələn, iki ildən artıq yaşaya bilmədiyi evinin açarları hazırda Orxan Nadirovdadır. O, bu yaxınlarda mirasla bağlı son proseslər haqda geniş açıqlama verəcəyini bildirib.

Aktual.az

Xəbər 7599 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR