Türkiyədə birinci Dünya Humanitar Sammiti öz işinə başlayıb.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi forum iki gün davam edəcək. İstanbul Konqres Mərkəzində keçirilən sammitdə qlobal humanitar yardım sistemi müzakirə ediləcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan digər ölkə liderləri ilə birlikdə ilk olaraq səhər yeməyində görüşüblər. Mediaya qapalı keçirilən yeməyin ardından ölkə başçıları xatirə fotosu çəkdirəcəklər. Bundan sonra sammitin açılışı keçiriləcək. Açılışda Türkiyə prezidentinin nitq söyləyəcəyi gözlənilir.
Sammitin bugünkü proqramının Ərdoğanın heyət başçıları şərəfinə verəcəyi şam yeməyi ilə başa çatacağı planlaşdırılır.
Qeyd edək ki, iki gün davam edəcək sammitdə dövlət başçıları ilə yanaşı beynəlxalq humanitar qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və böhranların toxunduğu xalqların nümayəndələri iştirak edirlər.
Sammitlə əlaqədar İstanbul Konqres Mərkəzində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.