Sofiyada Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstan baş naziri Boyko Borisovla təkbətək görüşü olub.
APA-nın məlumatına görə, İ. Əliyevlə B. Borisov əvvəlcə rəsmi foto çəkdiriblər.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrimizin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsinin önəmi vurğulanıb. İqtisadi əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra İ. Əliyevin B. Borisovla geniş tərkibdə görüşü olub. Görüşdə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan prezidentinin Bolqarıstana rəsmi səfərinin iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi üçün önəmli olduğu vurğulanıb. Ölkələrimizin energetika sahəsində, həmçinin “Cənub” qaz dəhlizi layihəsində uğurlu əməkdaşlığının önəmi qeyd olunub. Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərinin əlaqələrimizin daha da genişləndirilməsinə təkan verdiyi bildirilib.
Söhbət zamanı, həmçinin infrastruktur, sənaye, nəqliyyat, maliyyə, turizm, idman, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.