İlham Əliyev xalq şairini təbrik etdi

İlham Əliyev xalq şairini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Nəriman Həsənzadəni 85 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: 

"Hörmətli Nəriman Həsənzadə! Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 85 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Ədəbiyyat aləminə gəldiyiniz ilk günlərdən Siz Azərbaycan poeziyasının çoxəsrlik ənənələrini davam etdirərək xalqımızın şeir xəzinəsinə layiqli töhfələr verən lirik şair kimi tanınmısınız. Sizin özünəməxsus üslubu və dəst-xətti ilə seçilən və klassik ədəbiyyatımızın, folklorun zəngin imkanlarından faydalanan yaradıcılığınız dərin səmimiyyəti, xəlqiliyi və bədii-estetik kamilliyi ilə səciyyələnir. Doğma təbiətin gözəlliklərini tərənnüm edən şeirlərinizin vətənpərvərlik hisslərinin təlqin edilməsində və Vətənin yaddaşlara həkk olunan parlaq obrazının yaradılmasında xüsusi rolu vardır. Dramaturgiya və nəsr sahəsində fəaliyyətiniz tarixi mövzuları ehtiva etməklə yanaşı, cəmiyyət üçün olduqca böyük əhəmiyyətə malik insan münasibətlərini, milli-mənəvi dəyərləri və yüksək humanizmi özündə əks etdirir.

Sizin elmi-publisistik məqalələriniz də ədəbi ictimaiyyət tərəfindən daim böyük rəğbətlə qarşılanmışdır. Şeirlərinizə bəstələnən çoxsaylı nəğmələr isə şöhrətinizi artıraraq, eyni zamanda, Azərbaycanın musiqi mədəniyyətini daha da zənginləşdirmişdir. Dolğun və çoxşaxəli ədəbi-mədəni, ictimai-siyasi fəaliyyətiniz ərzində qazandığınız nailiyyətlər təqdirə layiqdir. Əminəm ki, Siz bundan sonra da yeni əsərlərinizlə sənətsevərlərə sevinc və töhfələr bəxş edəcəksiniz".

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR