İlham Əliyev Referenduma görə xalqa təşəkkür etdi

İlham Əliyev Referenduma görə xalqa təşəkkür etdi

“Referendum bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb”.


Aktual.az  xəbər verir ki, bunu prezident İlham Əliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib. Dövlət başçısı bildirib ki, dünən keçirilən referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə “hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib:

“Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir. Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü göstərdi. Baxmayaraq ki, dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadi sahədə inamla inkişaf edir, bütün sosial layihələr icra olunur. Enerji siyasətimiz nəinki ölkəmiz üçün, regionumuz, dünya üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətdir. Biz nəhəng sənaye layihələrini icra edirik.

Bildiyiniz kimi, Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bax, budur bu gün Azərbaycan reallıqları. Xalq bu reallıqları yüksək qiymətləndirir və referendumun nəticələri məhz buna əsaslanır. Bizə gələcəkdə kimsə xaricdən nə isə diktə etmək istəyəndə iki dəfə fikirləşməlidir. Birincisi, biz heç kimlə diktat dili ilə danışmırıq. Bu yanaşmanı qəbul etmirik. İkincisi və ən önəmlisi, biz heç kimdən asılı deyilik. Bizim apardığımız siyasət bundan ibarətdir ki, ancaq öz gücümüzə arxalanaq, nə siyasi cəhətdən, nə maliyyə cəhətdən heç kimdən asılı olmayaq, heç kimə borclu olmayaq və öz taleyimizi özümüz həll edək”.

İlham Əliyev deyib ki, bu gün Azərbaycan reallıqları göstərir ki, müstəqillik illəri bizim üçün nə qədər qiymətlidir və nə qədər böyük xeyir gətirir: “Heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır. Biz tarixi yaxşı bilirik, müxtəlif dövrlərdə Azərbaycan ərazisində dövlətlər, müxtəlif ictimai idarəetmə formaları olub. Ancaq bugünkü dövr əsl müstəqillik dövrüdür. Heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir, inamla irəliyə gedirik və perspektivlər də çox açıqdır, aydındır. Biz bilirik nə istəyirik. Cəmiyyətdə Azərbaycanın inkişafı ilə bağlı fikir ayrılığı yoxdur və dünənki referendum bunu bir daha təsdiq etdi.

Azərbaycan regionlarının inkişafı prioritet məsələ olaraq qalır. Bu təşəbbüsü 2004-cü ildə mən irəli sürmüşdüm və o gündən bu günə qədər bütün şəhərlər, rayonlar inkişaf edir, abadlaşır. Regional inkişaf proqramımız bizə imkan verir ki, ölkəmiz həm iqtisadi, həm coğrafi baxımdan çoxşaxəli şəkildə inkişaf etsin”.

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR