"Avropa Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq doğrudan da böyük nailiyyətdir. Əlbəttə, biz səkkizdəbir oyuna birbaşa çıxa bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi. Mən bu sözü təsadüfən işlətmirəm: hakim səhvi yox, hakim ədalətsizliyi. Çünki bu biabırçı hadisəyə səhv demək düzgün olmaz”.
Bu sözləri Prezident İlham Əliyev bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ” futbol klubunun üzvlərini qəbul edən zaman deyib.
O bildirib ki, bu, birinci dəfə deyil ki, "Qarabağ” futbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir:
"Əvvəlki illərdə də dəfələrlə buna rast gəlmişik. Bu dəfə qrup mərhələsində dəfələrlə buna rast gəlmişik. 2014-cü ildə həlledici oyunda son dəqiqələrdə vurulmuş təmiz qolu hakim saymadı və beləliklə, sizi növbəti mərhələdən mərhum etdi. O vaxt səhv etmirəmsə Zelinka familiyalı çexiyalı hakim belə bir biabırçı addım atmışdır. Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir. Bu dəfə də xorvatiyalı hakim Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçılarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil. Çünki bu, Avropa turniridir. Bu, kənd turniri deyil, məhəllə turniri deyil, həyətlərarası turnir deyil. Bu, Avropa turniridir, buraya Avropanın ən peşəkar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Necə ola bilər ki, qapı xəttindən ən azı bir metr keçən topu görməyəsən. Yaxşı, sən görmürsən, korsan, yan hakim də görmür, o da kordur? Bu korları necə yığıb doldurublar buraya?! Nə üçün məhz "Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik. Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, - təkcə sizə yox, - ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur. Əgər bir dəfə olsaydı, iki dəfə olsaydı deyərdik ki, ola bilər, səhv olub. Hansısa təsadüfi hadisə nəticəsində baş verib. Yox, bu, sistem xarakterli problemdir.
Mən ümid edirəm ki, UEFA bu problemin aradan qaldırılması üçün əməli addımlar atacaq. Ümid edirəm ki, bu biabırçı hallara yol verən hakimlər cəzalandırılacaq. Əks təqdirdə, əgər onlara qarşı hər hansı bir cəza tədbiri tətbiq olunmasa, deməli, növbəti dəfə də biz bunun şahidi olacağıq. Növbəti dəfə də sizi haqlı qələbədən məhrum edəcəklər. Növbəti dəfə ədalətsizlik, ikili standartlar, ayrı-seçkilik davam edəcək”.
Dövlət başçısı vurğulayıb ki, futbol və idman siyasətdən ayrı olmalıdır:
"Bunu bir çoxları deyir, amma əfsuslar olsun ki, bir çoxları da bu prinsipi pozur. Çünki idmanı siyasiləşdirmək, idmandan siyasi alət kimi istifadə etmək, idman nailiyyətlərini siyasi müstəviyə keçirmək cəhdləri kifayət qədər çox olub. Mən artıq 24 ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu illər ərzində dəfələrlə beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında bizə qarşı olan ədalətsizliklə rastlaşmışam. Son Olimpiya Oyunları istisna deyil. Əlbəttə ki, biz səssiz qalmamalıyıq.
Mən bilirəm ki, "Qarabağ” klubu, rəhbərlik, məşqçilər, həmişə özlərini çox ləyaqətlə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi hay-haray salmırlar, qalmaqal yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdir edirəm. Güclü insan həmişə özünü nizamlı aparır, həmişə gücünü lazım olan halda işə salır və bunu mən alqışlayıram. Ancaq o demək deyil ki, hər dəfə bizə qarşı belə biabırçı hadisə baş versin. Ona görə əminəm Avropa futbol ailəsində qəbul edilmiş qaydalar əsasında lazımi hüquqi addımlar atılmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın.
Bununla paralel olaraq onu da deməliyəm ki, nə üçün mən buna bu qədər fikir verirəm. Bilin, hər bir Azərbaycan vətəndaşı kimi, o biabırçı halı görəndə mənim də ürəyim ağrıyır. Mən də ürəyimdə deyirdim, biz buna nə qədər dözməliyik. Nə vaxta qədər bu, davam edəcək. Biz hamımız yaxşı başa düşürük ki, bu, elə-belə hadisə deyil. Ya təlimatlanmış hakim bunu edir, ya da ki, özü hansısa fikirlər və duyğular əsasında bunu edir. Bunun başqa adı ola bilməz. Bunu görməmək mümkün deyil. Eyni zamanda, bu, bizi ruhdan salmamalıdır. Biz 28 il ərazisi işğal edilmiş ölkə kimi yaşamışıq. İyirmi səkkiz il dözüm göstərmişik, hazırlıq işləri aparmışıq, güc toplayırdıq və bu gücü topladıq, düşməni torpaqlarımızdan qovduq. Bu illər ərzində nə qədər ədalətsizliklərlə, nə qədər ikili standartlarla üzləşmişdik. Bu, bizi qətiyyən ruhdan salmadı, əksinə, məni prezident kimi daha da ruhlandırırdı, daha da əzmkar edirdi, daha qətiyyətli edirdi və bu tarixi missiyanı yerinə yetirmək üçün əlavə güc verirdi. Əminəm, bu ədalətsizlik sizə də əlavə güc verəcək, siz növbəti oyunlara daha böyük əzm və iradə ilə çıxacaqsınız, "Qarabağ” adını, Azərbaycan futbol ictimaiyyətinin adını uca tutacaqsınız”.
Xəbər 516 dəfə oxunub.