Prezident İlham Əliyev sahibkarların çoxsaylı müraciətlərini nəzərə alaraq “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri imzalamadan Milli Məclisə geri qaytarıb.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir. Məlumata görə, sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılıb.
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.