Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Paytaxt Muzeyi ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, Paytaxt Muzeyi Pekində incəsənət mərkəzi kimi də məşhurdur. Çinin qədim tarixinin, mədəniyyətinin nümayiş etdirildiyi mühüm mərkəzlərdən olan bu muzey 1981-ci ildə yaradılıb və hazırda yerləşdiyi binaya 2006-cı ildə köçürülüb. Paytaxt Muzeyinin memarlıq-dizayn konsepsiyası insan və mədəniyyət irslərinin cəmiyyətə xidmət etməsinə əsaslanır, keçmişin və indiki dövrün, tarixin və müasirliyin, incəsənətin və təbiətin ahəngləşdirilmiş inteqrasiyasını əks etdirir.
Muzeydə Çin mədəniyyətinin müxtəlif dövrlərinə aid geniş kolleksiyalar nümayiş olunur. Bunların arasında Çin folkloruna, adət-ənənələrinə, həmçinin məişətinə aid eksponatlar maraq doğurur. Burada qədim farfor, bürünc, rəsm, heykəltəraşlıq nümunələrindən, bütpərəstlik abidələrindən ibarət böyük kolleksiya da var.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Paytaxt Muzeyində hazırda 200 mindən çox eksponat olsa da, kolleksiyanın yalnız kiçik bir hissəsi nümayiş etdirilir. Muzeyin incəsənət kolleksiyasının böyük hissəsi Pekində yerin altından tapılmış artefaktlardan ibarətdir.
Muzeydə üç əsas bölmə var. Burada sərgilənən eksponatlar əsasən keçmiş dövrün kolleksiyalarına aiddir. Bütün sərgilərdə tarixi irsə aid 5622 ekponat nümayiş etdirilir. Muzeyin zalları ən müasir texnologiya ilə təchiz edilib.
Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.
Sonda xatirə şəkli çəkdirildi.