İlham Əliyev Nikita Mixalkovu təbrik etdi

İlham Əliyev Nikita Mixalkovu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova təbrik məktubu ünvanlayıb.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli Nikita Sergeyeviç!

Sizi - Rusiya mədəniyyətinin görkəmli xadimlərindən birini, 70 illik yubileyiniz münasibətilə təbrik edirəm, Sizə xoşbəxtlik, firavanlıq və yeni yaradıcılıq uğurları arzulayıram.

Sizin parlaq istedadınız, bugünkü və uzaq keçmişə aid hadisələrə qeyri-ordinar baxışlarınız milyonlarla pərəstişkarınızın bu qədər sevdiyi və tanıdığı bənzərsiz dəst-xəttinizi formalaşdırmağa imkan verib. Böyük rus mədəniyyəti ənənələrini qoruyub saxlamaq və artırmaq istəyi, rus xalqının tarixi zəfərlərinə görə qürur və dövlətçilik ideyasına sədaqət Sizin bütün yaradıcılığınıza nüfuz edib. Dünya kinematoqrafının inkişafına Sizin sanballı töhfəniz bir sıra prestijli mükafatlarla layiqincə qiymətləndirilib.

Sizin çoxşaxəli ictimai fəaliyyətiniz, heç şübhəsiz, postsovet məkanında humanitar əməkdaşlığın formalaşmasına böyük təsir göstərir. Ümidvaram ki, Sizin Azərbaycanın gənc kinematoqrafçıları ilə bu ilin baharında başlanmış səmərəli dialoqunuz yeni istedadlar yetişdirilməsinə və Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinə şərait yaradacaq.

Sizə uzun ömür diləyirəm".

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR