İlham Əliyev Koreya səfiri ilə vidalaşdı

İlham Əliyev Koreya səfiri ilə vidalaşdı

Əməkdaşlıq əlaqələri müzakirə edildi.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 29-da Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İnidiplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Aktual.Az AZƏRTAC-a istinadla xəbər verir ki, prezident İlham Əliyev Koreya Respublikasının Baş naziri Çanq Honqvonun ölkəmizə səfərini və onunla keçirdiyi görüşləri məmnunluqla xatırladı.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən dövlət başçısı səfir Çoi Suk İnin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxlu sayda tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğuladı.

Koreya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycan ilə Koreya arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. Dövlət başçısı səfirin Azərbaycan-Koreya ikitərəfli əlaqələrinin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.

Koreya hökuməti başçısının ölkəmizə ötənilki səfərinə toxunan Çoi Suk İn bildirdi ki, Azərbaycanın Koreya ilə sıx əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olması Baş nazir Çanq Honqvonda böyük təəssürat yaratmışdır.

Diplomat səfirlik tərəfindən ölkəmizdə təşkil olunan irimiqyaslı mədəni tədbirlərin əhəmiyyətini vurğulayaraq bu sahədə Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirdi. Azərbaycan ilə Koreya arasında iqtisadi əməkdaşlıq məsələlərindən danışan səfir Çoi Suk İn gələcəkdə daha çox Koreya şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR