İlham Əliyev iqtisadi amnistiya elan etdi

İlham Əliyev iqtisadi amnistiya elan etdi

İyunun 1-dən etibarən Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar. Prezident İlham Əliyev Cinayət Məcəlləsində edilən dəyişiklikləri təstiqləyib.


Belə ki, yeni Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə əlavə edilən qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.

Xatırladaq ki, hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qəbulundan artıq 16 il keçib. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatının inkişafı və baş verən digər iqtisadi proseslər nəticəsində dövriyyədə olan məhsulların, xidmətlərin dəyəri və insanların gəlirləri bir neçə dəfə artıb. Buna baxmayaraq, məsuliyyətin yaranmasına səbəb olan məbləğlər bu dövr ərzində Cinayət Məcəlləsində artırılmayıb.

Cinayət Məcəlləsində məsuliyyət müəyyən edən həmin məbləğlərin dəyişməməsi hal-hazırda ictimai təhlükə törətməyən əməllərə görə bir çox sahibkarların cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olurdu. Bunun qarşısını almaq üçün Cinayət Məcəlləsində nəzərdə tutulmuş həmin məbləğlər artırılıb.

Belə ki, əvvəllər vergi və gömrük rüsumlarından2000 manat məbləğində yayınan sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdi. Yeni qanun qüvvəyə mindikdən sonra cinayət məsuliyyəti yaradan hədd 10 dəfə artırılaraq həmin məbləğ 20.000 manat olmuşdur. Yəni 20.000 manata qədər vergi və gömrük rüsumlarından yayınan şəxslər artıq cinayət məsuliyyətinə deyil inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu da həmin məbləğə qədər olan əməllərin dekiriminallaşdırılması deməkdir.

Rəqəmlərə gəlincə, iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində cinayət məsuliyyəti yaradan hədd 1000 manat müəyyən edilirdi. Dəyişikliklə həmin məbləğ 20 dəfə artırılaraq 20.000 manat olub. Bu da həmin məbləğə qədər olan hissədə əməllərin dekriminallaşdırılması deməkdir.

Başqa bir dəyişikliyə əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini törətmiş şəxslər əldə etdikləri qanunsuz gəliri və ya vurduqları ziyanı dövlət büdcəsinə tamamilə ödədikdə məsuliyyətdən azad ediləcək.

Bu dəyişiklik nəticəsində ümumilikdə 24 maddədə sahibkarların məsuliyyəti yüngülləşdirilir.

Dekriminallaşan əməllərə görə bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.

Dəyişiklik iyunun 1-dən qüvvəyə minir.

Xəbər 550 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR