İlham Əliyev Çin rəsmisini qəbul etdi

İlham Əliyev Çin rəsmisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.
Aktual.az xəbər verir ki, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdıran Vu Honqbo Azərbaycan Prezidenti ilə əvvəlki görüşlərini məmnunluqla xatırladı.
Qonaq bildirdi ki, Azərbaycan Prezidentinin güclü rəhbərliyi altında ölkəmizin iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlar onlarda böyük təəssürat hissi doğurur.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı özünün Çinə rəsmi səfərini, bu səfər zamanı və beynəlxalq tədbirlərdə Çin Xalq Respublikasının Sədri ilə görüşlərini xatırlayaraq bildirdi ki, Si Cinpinin Azərbaycan Prezidentini Çinin böyük dostu adlandırmasından böyük məmnunluq hissi duyur.
Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğuladı, əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirdi və ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və "Bir kəmər, bir yol” çərçivəsində də genişləndiyini dedi. Dövlətimizin başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndərdi.
Prezident İlham Əliyev COVID-19 pandemiyası zamanı Çin Xalq Respublikasının Sədrinə göndərdiyi məktubu xatırladaraq Çinin ölkəmizə vaksinləri ayırmasını və bunun nəticəsində Azərbaycanın dünyada vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğunu xüsusilə qeyd etdi, bunu ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirdi, bu faktın Azərbaycan dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini dedi.

Dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji potensialı barədə məlumat verdi. Çinin bu sahədə böyük texnoloji imkanlara malik olduğu qeyd edildi.
Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olundular.
Qonaq Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd etdi.
Vu Honqbonun Bakıda keçiriləcək növbəti Qlobal Forumda iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı onun səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.
Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq dünya səviyyəsində tanınmış mərkəzlərdən biri olduğunu qeyd etdi, burada beynəlxalq sülh və təhlükəsizlik gündəliyində duran çox vacib müzakirələrin aparıldığını dedi və Mərkəzin gələcək fəaliyyətinə uğurlar arzuladı.
Görüşdə iqtisadi, humanitar və turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafı üçün böyük imkanların olduğu bildirildi, media, elm-tədqiqat mərkəzləri və insanlar arasında təmasların artırılmasının vacibliyi vurğulandı.
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR