Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavın etimadnaməsini qəbul edib.
Aktual.az xəbər verir ki, səfir Dan Stav fəxri qarovul dəstəsinin qarşısından keçib.
Dan Stav etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Səfir Dan Stav Azərbaycanın sabitlik məkanı olmasının, xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarının önəmini qeyd etdi. Diplomat Azərbaycanda olduğu qısa vaxt ərzində bunun şahidi olmasından məmnunluğunu ifadə etdi. Səfir Azərbaycanda mövcud olan tolerantlığın ölkəsində yüksək dəyərləndirildiyini deyib.
Prezident İlham Əliyev Azərbaycanda dini tolerantlığın, multikulturalizmin hökm sürdüyünü vurğulayaraq ölkəmizdə yaşayan müxtəlif xalqların, o cümlədən yəhudi xalqının bu tolerantlığın, multikulturalizmin yaratdığı dəyərlərdən bəhrələndiyini deyib. Dövlət başçısı yəhudi icmasının Azərbaycanın iqtisadi və mədəni həyatında da fəal iştirak etdiyini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edildi, iqtisadi, enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsun etimadnaməsini qəbul edib.
Səfir Yuris Maklakovs fəxri qarovul dəstəsinin qarşısından keçib.
Yuris Maklakovs etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsi baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev əməkdaşlığımızın daha da genişləndirilməsi üçün təkcə ənənəvi deyil, eyni zamanda, yeni sahələrin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb. Dövlətimizin başçısı Yuris Maklakovsun ölkəmizdəki səfirlik fəaliyyəti dövründə Azərbaycanın müvafiq nazirlik və qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirərək münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Yuris Maklakovs ilk növbədə Latviya Prezidenti Raymonds Veyonisin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Səfir Prezident İlham Əliyevin Latviyaya səfərinin ölkəsində məmnunluqla xatırlandığını vurğuladı. İqtisadi əməkdaşlığın daha da genişləndirilməsini qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu deyən Yuris Maklakovs səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.
Görüşdə ölkələrimiz arasında iqtisadi, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Prezident Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş edib.