Azərbaycan Prezidenti İlham Əliyev İçərişəhərdə aparılan tikinti işləri ilə bağlı fərman imzalayıb.
Aktual.az dövlət başçısı rəsmi saytına istinadən xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”nin 20-ci bəndinə edilən dəyişikliyə əsasən, bundan sonra hüquqi və fiziki şəxslər bərpa, təmir və təsərrüfat işləri (tikinti işləri istisna olmaqla abadlaşdırma, işıqlandırma, təmizlik, yaşıllaşdırma) görərkən abidə aşkar edilərsə, həmin işlər dərhal dayandırılmalı, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasına və İdarəyə məlumat verilməlidir
Bu zaman bərpa və təmir işlərinin davam etdirilməsi barədə qərar, Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyləri nəzərə alınmaqla, İdarənin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilir və görülən işlər İdarənin nəzarəti ilə davam etdirilir.
Görülməsi nəzərdə tutulmuş təsərrüfat işləri isə, mütəxəssislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, İdarənin icazəsi və nəzarəti ilə davam etdirilə bilər.