"Onlar hesab edirdilər ki, Azərbaycan silahlı qüvvələri heç vaxt o ərazilərdə hər hansı əməliyyat aparmayacaqlar. Biz bu mifologiyanı da darmadağın etdik".
Aktual.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, ikinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnal ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız. Kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızda olan qarşıdurma başa çatmalıdır. Əfsuslar olsun ki, əksinə, Ermənistan həm Qarabağda, həm də sərhəd istiqamətində öz planlarından əl çəkmədi:
"Biz məcbur olub tədbirlər gördük. Biz onlara xəbərdarlıq etmişdik. Eyni zamanda Avropa tərəfdaşlarımıza da bildirmişdik ki, əgər təhlükə görsək, dərhal hərəkətə keçəcəyik. Hesab edirəm ki, buna görə də beynəlxalq aparıcı qüvvələrin bu hadisələrə reaksiyası adekvat olub. Heç kim bizi qınamadı, günahlandırmadı. Hamı gördü ki, bu toqquşmaların səbəbkarı biz deyilik. Fərrux əməliyyatının əsas səbəbi təkcə strateji yüksəklikləri nəzarətə götürmək deyildi. Bu yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi. Orada qanunsuz mövcud olan erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Hətta Xaçınçay su anbarının təmiri də mümkünsüz idi. Ona görə, Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü. Bu bir çoxları üçün gözlənilməz oldu. O cümlədən də Ermənistan və Qarabağda yuva salmış separatçılar üçün. Bu bizim ərazilərimizdir. Orada ciddi əməliyyat aparmamağımızın səbəbi o deyil ki, biz onlardan qorxuruq".
Xəbər 226 dəfə oxunub.