İlham Əliyev Cüdo Federasiyasının prezidentini qəbul etdi

İlham Əliyev Cüdo Federasiyasının prezidentini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.

Aktual.az xəbər verir ki, Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin çox yaxşı təşkil olunduğunu deyən Dövlət başçısı son dövrlər idmançılarımızın müxtəlif yarışlarda qazandığı böyük uğurların önəmini qeyd edib. Cüdo üzrə milli komandamızın bu yaxınlarda keçirilən Avropa çempionatında yüksək nəticələr əldə etdiyini xatırladan Prezident İlham Əliyev bu idman növünün Azərbaycanda populyarlığının getdikcə artdığını vurğulayıb, ölkəmizin gələcəkdə beynəlxalq yarışlarda daha fəal və dinamik iştirak edəcəyinə ümidvar olduğunu deyib.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Azərbaycanda cüdonun inkişafını daim dəstəklədiyini qeyd edən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ölkəmizin cüdo üzrə yığmasının yeni strategiya ilə yarışlarda daha yüksək fəallıqla iştirak edəcəyinə ümidvar olduğunu deyib. Marius Vizer 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo idmanı ilə bağlı aparılan hazırlıq işlərindən danışıb.

Beynəlxalq Cüdo Federasiyası ilə fəal tərəfdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğulayan Dövlət başçısı İlham Əliyev Marius Vizerin Federasiyanın prezidenti kimi ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirib, bu istiqamətdə səylərinə görə ona minnətdarlığını bildirib. Azərbaycanda idmana göstərilən qayğıdan danışan Prezident İlham Əliyev ölkəmizdə cüdonun zəngin ənənələrə malik olduğunu vurğulayıb, bu idman növünün inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd edib.

Dövləti başçısı idmançılarımızın dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında uğurla iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.

Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR