Təmas xəttində Azərbaycan tam üstünlüyə yiyələnib, düşmənin bütün təxribatlarının qarşısı alınıb, ötən ay təmas xəttində düşmənin təxribat qrupu məhv edilib, onlar ağır itkilər veriblər.
Aktual.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Prezident vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Dövlət başçısı Ermənistandakı kriminal diktatura rejiminin Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı verdiyi bəyanata toxunaraq bildirdi ki, dünya birliyi və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.
“Bu gərgin psixoloji durumda verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir”, - deyən dövlətimizin başçısı xunta rejimindən bundan artığını gözləməyin mümkün olmadığını diqqətə çatdırdı.
“Azərbaycan güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb və regional məsələlərdə mühüm rol oynayır, ölkəmizin iştirakı və razılığı olmadan bölgədə heç bir layihə icra oluna bilməz”, - deyən Prezident İlham Əliyev iqtisadi və hərbi potensialın Azərbaycanın gücünü daha da artırdığını bəyan etdi.