İlham Əliyev: “Bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlayıb”

İlham Əliyev: “Bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlayıb”

“Azərbaycan Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, hər iki təşkilatda fəal rol oynayır. Hər iki təşkilat Azərbaycanın təşəbbüsü ilə bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli və beynəlxalq hüquqa əsaslanan qətnamələr qəbul edib və bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi göstərilib. Biz bu iki təşkilatda fəaliyyətimizi uğurla davam etdiririk. Bu iki təşkilatda dünyanın 100-dən çox ölkəsi birləşir”.

Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində deyib.

“Biz bir neçə il bundan əvvəl fikirləşdik ki, yaxşı olar, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında bir əlaqə yaradılsın. Bu məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik və birgə sessiya keçirilib. Bu, dünyada çox böyük əks-səda yaradıb. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq görüldü və bu görüşə, bu təşəbbüsə “Bakı prosesi” adı verilib. 2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini qəbul etdik və bu görüşə Avropadan mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlayıb. Biz əlbəttə, çox fəxr edirik ki, bu təşəbbüsə “Bakı prosesi” adı verilib”, - dövlət başçısı deyib.

Prezident bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə töhfə verəcəyini bildirib: “Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulub. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olub və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmayıb. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda, Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub saxlanılır. Bu, bizim tariximizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşayıblar və yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün seçiblər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti bundan sonra da aparacağıq”.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR