İlham Əliyev: Azərbaycanda sosial binaların tikintisi, icra edilən digər layihələr çox böyük canlanmaya gətirib çıxaracaqdır

İlham Əliyev: Azərbaycanda sosial binaların tikintisi, icra edilən digər layihələr çox böyük canlanmaya gətirib çıxaracaqdır

Azərbaycanda inşaat kompleksinin yüksək inkişaf mərhələsinin mühüm bir dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ulu öndərin respublikamıza rəhbərlik etdiyi hər iki dövr böyük tikinti-quruculuq işləri ilə əlamətdar olmuşdur. Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Məhz dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş ulu öndər qısa zamanda öz gərgin əməyi sayəsində Azərbaycanın digər SSRİ respublikaları arasında nüfuzu xeyli artmışdır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş dövrü kimi müasir tariximizə əbədi həkk olunmuşdur. Bu gün ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada ulu öndərin şərəfli ömrünün bir zərrəsi hiss olunmasın. Azərbaycanın bugünkü dövlət müstəqilliyinin təməl prinsiplərinin işlənib hazırlanması 1969-cu ildə Heydər Əliyevin respublikamıza rəhbərlik etməsi ilə başlanan şərəfli missiyasının əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının respublikanın gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində respublikamızın tarixində böyük dönüş yaratmışdır.

 Heydər Əliyevin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmış, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olunmuşdur. Dahi siyasət korifeyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunmuş, yeni sənaye sahələri yaradılmış, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmış, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələnmiş, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaranmışdı. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

 Neft sənayesinin iqtisadi inkişafdakı rolunu nəzərə alan Heydər Əliyev 1970-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin modernləşdirilməsini təmin etmişdir. Məhz ulu öndərin rəhbərliyi ilə neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, "qara qızıl”ın Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsinin əsası qoyulmuşdur. Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan həmin illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal növləri üzrə Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Eyni zamanda, ulu öndərin uzaqgörən siyasəti nəticəsində Bakı Dərin Özüllər və Yeni Bakı Neftayırma zavodları inşa olundu. Ümummilli lider sonralar o illəri xatırlayarkən demişdir: "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

 Bakının ölkənin yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilməsi də respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən idi. Təsadüfi deyil ki, həmin illərdə Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar ucaldılmışdır. Bunların tam əksəriyyəti ulu öndərin şəxsi təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilib tikilmişdir. Bütövlükdə isə Bakının çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyini böyük üzaqgörənliklə həll etməyə nail olan ümummilli liderimiz paytaxtın baş planının hazırlanmasında misilsiz xidmətlər göstərmişdir. Bakıda və onun yaxınlığında tikilmiş bir sıra sənaye müəssisələri, bu dövrdə yaradılmış infrastruktur və nəqliyyat sistemi Azərbaycanın bugünkü müstəqilliyi və iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratmışdır. 60-cı illərin sonu – 80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Dövlət Sirki, Heydər Əliyev Sarayı, "Bakı", "Qarabağ", "Azərbaycan", "Moskva", "Abşeron" mehmanxanaları, Bakı Baş Poçtamtının yeni binası, Respublika Statistika İdarəsinin binası, Bakı Dəmir Yolu Vağzalının binası, Nərimanov Rayon İcra Hakimiyyətinin binası, Dövlət siyasi partiyalar və ictimai hərəkatlar arxivinin binası, "Səadət” sarayı, "Gülüstan" şadlıq sarayı kompleksi, "Şərq bazarı" ticarət mərkəzinin birinci və ikinci növbələri, Yüngül atletika maneji, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin binası, İdman Sarayı, 18 mərtəbəli Hesablama Mərkəzi, Azərbaycan Respublikası Prezident Administrasiyasının binası və s. obyektlər məkan quruluşu və şəhərsalma həlli baxımından diqqəti cəlb etməklə yanaşı, şəhərin memarlıq görkəmini xeyli gözəlləşdirmişdir. Bütövlükdə isə Vətənini, xalqını hədsiz məhəbbətlə sevən ulu öndərimizin bilavasitə şəxsi təşəbbüsü ilə müasir geniş quruculuq işlərinin sürətləndiyi həmin illərdə Azərbaycan memarlığının şah əsərləri sayılan, respublikamızın siyasi və mədəni həyatında müstəsna əhəmiyyət daşıyan əzəmətli saraylar, orijinal memarlıq üslubu ilə paytaxtın simasına əlavə yaraşıq gətirən çoxsaylı möhtəşəm binalar inşa olunmuş, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldılmışdır.

 Bununla yanaşı, respublika rəhbərinin idarəetmə sahəsinə gətirdiyi novatorluq, qəbul edilən çevik, məqsədyönlü qərarlar sayəsində Azərbaycanda mənzil tikintisi geniş vüsət almışdır. Qısa müddət ərzində paytaxt Bakıda, eləcə də respublikamızın ayrı-ayrı şəhər və rayon mərkəzlərində yeni yaşayış massivləri salınmışdır ki, bu da əhalinin mənzilə olan tələbatının ödənilməsində müstəsna rol oynamışdır. Eyni zamanda, respublikada həyata keçirilən geniş quruculuq tədbirləri çərçivəsində əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

 Keçmiş İttifaqın mühüm sənaye mərkəzlərindən birinə çevirlən Bakının sürətlə genişlənməsi nəticəsində şəhərin müxtəlif əraziləri arasında nəqliyyat əlaqəsi getdikcə çətinləşirdi. Bu çətinliyin aradan qaldırılması Bakı Metropoliteninin növbəti stansiyalarının tikilib istifadəyə verilməsi zərurətini yaradırdı. Yeri gəlmişkən, 1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin 12 stansiyadan ibarət olan birinci növbəsinin ilk 5 stansiyasının istifadəyə verilməsi ilə Bakı keçmiş SSRİ-də metro nəqliyyatına malik olan 5-ci şəhər oldu.

Bu gün paytaxt sakinlərinin və qonaqların geniş istifadə etdikləri Bakı Metropoliteninin tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Məhz onun xüsusi diqqəti və qayğısı sayəsində Bakı Metropoliteninin tikintisində böyük canlanma başlandı, yeni stansiyaların tikintisi xeyli sürətləndirildi. 1976-cı il dekabrın 31-də "Nizami" stansiyasının istifadəyə verilməsi ilə metronun ilk mərhələsinin tikintisi uğurla başa çatdırıldı. Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə də Bakı Metropoliteninin tikintisini daim diqqətdə saxlamış, qarşıya çıxan problemlərin həllinə nail olmuşdur. 1985-ci ildə "Elmlər Akademiyası”, "İnşaatçılar”, "20 Yanvar”, "Memar Əcəmi” stansiyaları, 1989-cu ildə "Xalqlar dostluğu” və "Əhmədli” stansiyalarının tikintisinin uğurla başa çatdırılması və s. işlər məhz ulu öndərin şəxsi nüfuzu sayəsində mümkün olmuşdur.

Ancaq 1990-cı illərdə bütün sahələrdə olduğu kimi, metro tikintisində də durğunluq dövrü başlandı. SSRİ-nin dağılması ilə ölkəmiz müstəqil dövlət kimi öz suverenliyinə nail olsa da, həmin dönəmlərdə ölkədəki ağır siyasi proseslər, torpaqlarımızın işğalı, iqtisadi geriləmələr metro tikintisi sahəsində də öz mənfi təsirini göstərdi. Buna görə də maliyyə çətinlikləri ucbatından 10-12 il ərzində heç bir yeni stansiya istifadəyə verilmədi. Ulu öndərin köməyi sayəsində Bakı Metropoliteninin yarımçıq qalmış "Həzi Aslanov” stansiyası üçün xaricdən lazımi vəsait alındı. Nəhayət, 2002-ci ildə stansiya tamamlanaraq əhalimizin istifadəsinə verildi. Bundan sonra metro tikintisində canlanma yarandı. Böyük qürur hissi ilə deyə bilərəm ki, əmək fəaliyyətimin üçüncü dövrünü bu böyük canlanma ilə əlaqələndirirəm. Biz bilirdik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulan neft strategiyası ölkəmizin inkişafı üçün böyük uğurlar gətirəcək. Elə də oldu. Neft gəlirlərindən metro tikintisi üçün də böyük vəsaitlər ayrıldı və qısa müddət ərzində yeni-yeni stansiyalar tikilib istifadəyə verildi. Həm də tam məsuliyyətlə deyə bilərəm ki, işlədiyim müddətdə metro stansiyalarının tikintisində bir gün də olsun gecikmə olmamışdır. Bakı Metropoliteni yüksək memarlıq-bədii səviyyəsi, inşaat keyfiyəti, memarlıq və təsviri sənət sintezindən uğurlu istifadə edilməsi ilə maraq doğurur. "Bakı Metropoliteni xalqımızın milli sərvətidir” deyən ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə də metro tikintisinə xüsusi diqqət yetirmişdir. Məhz ulu öndərimizin böyük nüfuzu sayəsində Avropa İttifaqı tərəfindən ayrılmış qrant hesabına Bakıda metro tikintisinin bərpasına başlanılmış, "Həzi Aslanov” stansiyasının inşası sona çatdırılmış, "28 May” stansiyası üçün yeni çıxış istifadəyə verilmişdir.

 1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi, Azərbaycanın haqq səsi dünyada eşidilməyə başlandı. Uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi” kimi nəhəng bir saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Bütün bunlar Heydər Əliyevin siyasi fəaliyyətinin bəhrələridir, onun parlaq səhifələridir.

 Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin ikinci dövründə də tikinti-quruculuq və ­abadlıq işləri, infrastruktur layihələrinin reallaşdırılması ümumi inkişafın prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanıldı. Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkənin tikinti kompleksi yeni inkişaf dövrünə qədəm qoydu. Ölkədə yaradılmış əlverişli biznes mühiti, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı inşaat sektorunda iqtisadi fəallığın, təşəbbüskarlığın artmasına səbəb oldu. Sevindirici haldır ki, zəngin ənənələrə malik inşaat sektoru, xüsusən də mənzil tikintisi, əsasən, yerli iş adamlarının əlində cəmləşdi. Paytaxt Bakıda, eləcə də ölkəmizin digər şəhər və rayon mərkəzlərində bir-birindən yaraşıqlı çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verildi. İndi hər biri nadir memarlıq incisi sayıla biləcək bu binalar paytaxtımıza, digər şəhərlərimizə xüsusi yaraşıq verir. Digər sevindirici məqam isə ondan ibarətdir ki, tikinti sektorunun inkişafı ölkədə çoxsaylı iş yerlərinin açılmasına imkan yaratdı. Bu yerdə ulu öndər Heydər Əliyevin 2002-ci ilin yanvar ayında söylədiyi bir fikri xatırlatmağı vacib sayıram. Bakının ən hündür yerindən paytaxtın mənzərəsini seyr edən ulu öndər yeni inşa olunmuş çoxmərtəbəli binaların şəhərimizə xüsusi gözəllik verdiyini bildirərək demişdir: "... Biz sovet dövründə çox evlər, binalar tikmişik. Ancaq indi özəl sektor onlardan daha yaxşı, gözəl tikir. Həm də şəhəri gözəlləşdirirlər. Demək, bazar iqtisadiyyatı var, özəl sektor inkişaf edir, insanların alıcılıq qabiliyyəti var. Belə mənzillər alıb yaşaya bilirlər. Ona görə də inşaat biznesi çox geniş inkişaf edibdir. Belə görürəm ki, bizdə ən geniş inkişaf edən inşaat biznesidir... Bu evlərin tikintisində nə qədər insanlar – inşaatçılar, fəhlələr işləyibdir və bu gün də işləyirlər, maaş alırlar. Mən bunu çox təqdir edirəm. Çünki birincisi, yeni iş yerləri açılır, ikincisi biznes inkişaf edir, özəl sektor inkişaf edir... Bunların hamısı da ümumiyyətlə, şəhərin gözəlliyini təmin edir, memarlıq, şəhərsalma barədə bizim planlarımızın həyata keçirilməsini təmin edir. Bu, çox yaxşı haldır”.

 Azərbaycan inşaatının və memarlığının şanlı ənənələri bu gün də uğurla davam etdirilir. Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkə ərazisi böyük tikinti-quruculuq meydanına çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr haqlı olaraq nəhəng tikinti və quruculuq illəri kimi xarakterizə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən köklü islahatlar, baş verən iqtisadi sıçrayış tikinti, quruculuq, abadlıq sahəsində də özünü aydın şəkildə göstərir. Belə ki, paytaxt Bakı ilə yanaşı, bölgələrimizin də siması əsaslı şəkildə dəyişib, müxtəlif təyinatlı tikinti obyektlərinin miqyası və əhatə dairəsi genişlənib, yeni-yeni yaşayış binaları, park və xiyabanlar salınaraq əhalinin istifadəsinə verilib. Dövlət başçısının xüsusi qayğısı sayəsində bu gün Bakı dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilib. Son illərin möhtəşəm, nadir memarlıq nümunələrindən sayılan Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı Kompleksi, əsaslı şəkildə yenidən qurulan Dənizkənarı Milli Park, Alov qüllələri, Heydər Məscidi, yeni yaşayış massivləri, çoxsaylı mehmanxana kompleksləri, doğma Bakımızın hüsnünə əlavə yaraşıq gətirir. Heç şübhəsiz, bütün bunlar Azərbaycanın yüksək inkişaf və tərəqqisinin əyani təcəssümüdür.

 Hazırda Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində sosial məsələlərin həlli istiqamətində nəzərdə tutulmuş tədbirlər uğurla icra olunur. Həmin tədbirlər sırasında əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər diqqəti daha çox cəlb edir. Məlum olduğu kimi, möhtərəm Prezidentimiz İlham Əliyev bir qədər əvvəl Bakının ayrı-ayrı yerlərində yararsız vəziyyətdə olan yaşayış binalarının yerində yeni layihələr əsasında ən müasir standartlara uyğun yeni binaların tikilməsi ilə bağlı son dərəcə maraqlı bir təşəbbüs irəli sürmüşdür. Dövlət başçısının tapşırığından irəli gələn məsələlərin icrası istiqamətində artıq paytaxtımızda bir sıra sosial layihələrin icrasına start verilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Nazirlər Kabineti "Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli qərar qəbul edib. Həmin sənədə əsasən, rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi nəzərdə tutulurdu. Bu sahədə ilk pilot layihəyə rayonun Ramana qəsəbəsində 34 ailənin yaşadığı qəzalı binanın sökülərək yerində 10 mərtəbəli 80 mənzilli yeni yaşayış binasının inşası ilə start verildi.

 Nəhayət, ötən ilin noyabr ayında cənab İlham Əliyevin iştirakı ilə həmin binanın açılışına həsr olunmuş mərasim keçirildi. Sakinləri bu əlamətdar hadisə münasibətilə təbrik edən dövlət başçısı hazırda şəhərimizin müxtəlif yerlərində bu kimi pilot layihələrin icra edildiyini diqqətə çatdıraraq bildirdi ki, bu layihələrin icrası sosial mahiyyət kəsb etməklə yanaşı, həm də şəhərimizin gözəlləşməsinə xidmət edir. Yeri gəlmişkən, bunu çox gözəl təşəbbüs kimi dəyərləndirən ölkə rəhbəri həmin tədbirdə deyib: Hazırda şəhərimizin müxtəlif yerlərində buna bənzər 49 layihə icra edilir. Belə layihələrin icrasının əsas məqsədi insanları gözəl mənzillərlə təmin etməkdir, özü də pulsuz. Digər məqsəd şəhərimizin abadlaşmasıdır. Çünki bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərimizin müxtəlif yerlərində gözəl binalar tikilir. Çox istərdim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gözəl binalar tikilsin. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icra edilir və bu layihə, eyni zamanda, memarlığa da verilən böyük töhfədir”.

 Eyni zamanda, belə layihələrin ölkə iqtisadiyyatına, xüsusilə, inşaat, tikinti materialları sektoruna da çox gözəl təsiri olacağına əminliyini bildirən dövlət başçısı qeyd etdi ki, bu layihələrin icrası inşaat sektoruna da canlanma gətirəcək, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Məhz buna görə də Prezident İlham Əliyev köhnə, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yenilərinin tikintisinin bütün ölkə boyu həyata keçirilməsinin vacibliyini vurğuladı. Ölkə rəhbəri, həmçinin Bakıda, eləcə də digər şəhər və rayonlarımızda qəzalı binaların daha müasir, yaraşıqlı binalarla əvəz olunması istiqamətində işlərin davam etdirilməsini yerli icra orqanlarının qarşısına mühüm bir vəzifə kimi qoymaqla yanaşı, bütün firmaları, iş adamlarını da bu layihələrin icrasında yaxından iştiraka səslədi. Bu da heç şübhəsiz, tikinti sektoruna yeni dinamizm gətirəcək, inşaat materialları istehsalının genişlənməsinə, yeni iş yerlərinin açılmasına səbəb olacaq.

 Aprelin 10-da ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev inşaat sektorunda müşahidə olunan canlanmanı təqdirəlayiq hal kimi dəyərləndirərək son zamanlar bu sahədə görülmüş işlərin, zamanında qəbul edilmiş qərarların müsbət nəticələr verdiyini bildirdi. Dövlət başçısı hazırda Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli binanın tikildiyini olduqca müsbət göstərici olduğunu diqqətə çatdıraraq dedi ki, bunun hesabına minlərlə yeni iş yeri yaradılır. Son zamanlar qəbul edilmiş qərarların, dövlət investisiyalarının tikinti kompleksinin canlanmasında müstəsna əhəmiyyəti danılmazdır. İndi dövlət dəstəyi hesabına paytaxtda mühüm tikinti layihələri icra olunur. Bu baxımdan sosial mənzillərin inşası sahəsində həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Məlum olduğu kimi, ötən il Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə Yasamal rayonu ərazisində təməli qoyulmuş şəhərcikdə tikinti işləri sürətlə davam etdirilir. Yaxın vaxtlarda isə ikinci layihənin icrasına start veriləcək. Paytaxtın ərazisində tikintisi davam etdirilən "Ağ Şəhər” layihəsi öz möhtəşəmliyi, unikallığı ilə seçilir. Artıq layihənin ilk mərhələsi başa çatdırılıb. Növbəti beş il ərzində isə ərazidə onlarca binanın tikintisi nəzərdə tutulur.

 Ölkə rəhbəri paytaxt mikrorayonları ilə bağlı nəzərdə tutulmuş layihələrdən bəhs edərək bu barədə də müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, paytaxtın birinci mikrorayonun ərazisindəki köhnə, istismara yarasız binaların sökülərək ərazidə yeni, müasir, gözəl memarlıq üslubunda binaların tikilməsi nəzərdə tutulur. Tikinti sektorunda digər bir yenilik isə tikiləcək əksər binaların birinci mərtəbələri ilə bağlıdır. Xatırladaq ki, yeni tikiləcək binaların birinci mərtəbəsində ictimai yerlər və uşaq bağçalarının yaradılması planlaşdırılır ki, bu da Bakının uşaq bağçaları ilə bağlı mövcud probleminin həllinə müsbət təsir göstərəcək.

 Ümummilli liderin şanlı quruculuq epopeyasının, müstəqil dövlətçiliyimizin yeni, parlaq səhifələrini yazan ölkə ­Prezidenti cənab İlham Əliyev Bakıda metro şəbəkəsinin daha da genişləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, son on ildə metronun "Nəsimi, ”Azadlıq prospekti", "Dərnəgül”, "Avtovağzal” və "Memar Əcəmi-2" stansiyaları tikilib istifadəyə verilib. Bu gün qürur hissi ilə qeyd edə bilərəm ki, metronun "Nəsimi”, "Azadlıq prospekti”, "Dərnəgül”, "Avtovağzal”, "Əcəmi-2” kimi böyük stansiyaların, "Elmlər Akademiyası" stansiyasının yeni çıxışlarının inşasının həyata keçirilməsi və tamamlanaraq əhalinin istifadəsinə verilməsində mənim də əməyim var və mən bunu həyatımın ən unudulmaz anları kimi dəyərləndirirəm. Yaddaşımda uzun illər qalacaq daha bir qürurverici hadisə adlarını çəkdiyim stansiyaların açılışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ölkənin birinci xanımı, Birinci ­vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın iştirakı ilə bağlıdır. Stansiyaların rəmzi açılışını bildirən qırmızı lenti kəsərkən və bizimlə söhbət edərkən gördüyüm işin miqyasından bir daha zövq almışam, xalqıma, ölkəmə, Prezidentimə xidmət etməyimə görə özümü xoşbəxt saymışam.

 Ötən 13 il yarımdan artıq bir dövrdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu sahəsində əhəmiyyətli işlər görülüb. Qlobal maliyyə böhranının hökm sürdüyü 2016-cı ildə bu sahədə müəyyən azalma qeydə alınsa da, il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyard 903,4 milyon manat vəsait qoyulub. Kapital qoyuluşunun strukturunda tikinti-quraşdırma işləri daha üstün çəkiyə malik olub. Belə ki, ötən il tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi inşaat işləri üçün xərclənmiş məbləğin 72,7 faizi və ya 10 milyard 832,9 milyon manat təşkil edib. İl ərzində məhsul istehsalı obyektlərinin inşasında 11 milyard 889,5 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində isə 2 milyard 330,4 milyon manatlıq vəsaitdən istifadə olunub. Bundan əlavə, ötən il yaşayış evlərinin tikintisinə 683,5 milyon manat vəsait xərclənib ki, bunun da hesabına ölkədə ümumi sahəsi 1 milyon 677,1 min kvadratmetr təşkil edən yaşayış evləri inşa edilib. Əsaslı investisiya qoyuluşu hesabına il ərzində Bakı şəhərində iri qabaritli transformatorlar, Ağdağ gips və Oksigen zavodları, Bakı Metropoliteninin bənövşəyi xəttinin "Memar-Əcəmi-2” stansiyası, Əlillər üçün sosial reabilitasiya mərkəzləri və sığıncaqlar inşa olunmuşdur. Ötən ilin buraxılış obyektləri sırasında regionlarda istifadəyə verilmiş istehsal və xidmət sahələri də diqqət çəkir. Belə ki, il ərzində Gəncədə "Nizami” elektrik yarımstansiyası, Sumqayıtda Şahmat məktəbi, Ağstafa rayonunda "Modern” mebel fabriki, "Karvan-L EKO” sənaye parkında 9 müəssisə və istixana kompleksi, musiqi mərkəzi, Füzuli rayonunda avtovağzal kompleksi, Xaçmaz rayonunda Yalama Aqroparkı, İsmayıllıda "İSMA BİKES” velosiped istehsalı zavodu, "İsmayıllı-2” su elektrik stansiyası, Qazaxda 110/35/6 kilovoltluq "Daş Salahlı” yarımstansiyası, kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar, Qəbələdə "Qafqaz Tufandağ Mountain Resort” oteli, Salyan rayonunda Kür çayı üzərində körpü, Tərtər rayonunda Uşaq-gənclər şahmat məktəbi və Tərtər çayı üzərində körpü, Tovuz rayonunda Tovuzçay su anbarı tikilb istifadəyə verilmişdir. Bundan əlavə, əsaslı kapital qoyuluşu hesabına ölkədə 4972 şagird yerlik 20 ümumtəhsil məktəb binası, 2267 yerlik məktəbəqədər təhsil müəssisəsi, 300 çarpayılıq 3 xəstəxana binası, 700 yerlik 5 klub və s. obyektlər inşa olunmuşdur.

 Azərbaycanın şanlı quruculuq salnaməsinin yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün digər sahələrdə olduğu kimi, inşaat sektorunda çalışanların da əməyini hər zaman yüksək qiymətləndirmişdir. Ulu öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də ölkəmizdə geniş quruculuq işlərinin önündə gedən bu sadə peşə sahiblərinə xüsusi diqqət və qayğı ilə yanaşır, onların əməyini hər an yüksək dəyərləndirir. Elə dövlət başçısının Azərbaycan inşaatçılarının ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq 2009-cu il dekabr ayının 16-da imzaladığı sərəncamla "İnşaatçılar günü” peşə bayramını təsis etməsi də məhz bu sadə peşə sahiblərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. İnşaat sahəsində çalışanların əməyinə verilən yüksək dəyərin göstəricisi sayılan bu günün təsis olunması və ardıcıl olaraq hər il peşə bayramı kimi qeyd edilməsi təqdirəlayiq haldır. Hər il peşə bayramı günündə dövlət başçısı tərəfindən inşaat sahəsində müəyyən xidmətləri olan şəxslərin fəxri adlarla, orden və medallarla təltif olunması artıq xoş bir ənənəyə çevrilib. Bu bir daha sübut edir ki, ölkəmizdə yaxşı əməl, üz ağardan iş heç zaman mükafatsız qalmır. Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 10-da imzaladığı sərəncamla "Əməkdar mühəndis” adına layiq görülməyimdən hədsiz dərəcədə qürur duyuram. Bu yüksək adı bütövlükdə ölkə inşaatçılarının əməyinə verilən dəyər, diqqət və qayğı kimi qiymətləndirirəm. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm və ölkənin bütün inşaatçılar ordusu adından dövlət başçısını əmin edirəm ki, onun Azərbaycanda apardığı yeniləşmə və yüksək inkişaf strategiyasının reallaşmasına daha çox töhfə verməyə çalışacağıq.

Qasım ABDULLAYEV,
texnika elmləri doktoru, Əməkdar mühəndis
Xəbər 8845 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR