İlham Əliyev: “ASAN” hər yerdə olacaq

İlham Əliyev: “ASAN” hər yerdə olacaq

“Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq”.

Düşünürəm ki, sizin demək olar, bütün fikirlərinizə münasibət bildirdim. Bir neçə məsələni əlavə etmək istərdim. Burada elektron hökumət məsələsi qeyd edildi. Biz bu sahədə çalışırıq. “ASAN xidmət” yaxşı nümunədir. İki il ərzində oraya 7 milyon müraciət olunmuşdur və bu rəqəm böyük ehtimalla artmışdır. Bu, dövlət qulluğunda bir inqilab oldu.

Aktual.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə bildirib.

Prezidentin sözlərinə görə, bu, nəinki dövlət qulluğunda, zənnimcə, xalqımız üçün böyük yenilik oldu.

“Əvvəllər, onlar bunun mümkün olmasına inanmırdılar. Yəni, adamlar üçün almaq istədiklərini hər hansı tələb olmadan əldə etmələri mümkün oldu. Bir sözlə, həmin iş bunun mümkünlüyünü göstərdi.

Göstərdi ki, biz buna nail ola bilərik. Hazırda isə məqsəd həmin fəaliyyəti genişləndirməkdir. Söhbət onun təkcə coğrafi baxımdan genişləndirilməsindən getmir. Hazırda rayonlarda iki mərkəz tikilmək üzrədir. Həmçinin orada göstərilən xidmətlərin sayı da artacaq. Biz daha çox xidmət növlərini əlavə edəcəyik.

Öncə söylədiyim kimi, “ASAN” hər yerdə olacaq. “ASAN” şəffaflıq, mədəniyyət, xidmət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir. Ölkəmizdə biz məhz bunlara nail olmalıyıq ki, insanlar rahat həyat sürsünlər.

İnsanlar nə istəyirlər? Onlar öz hüquqlarının təmin edilməsini arzulayırlar. Onlar hər hansı qeyri-qanuni yanaşmaya məruz qalmalı deyillər. Buna görə, “ASAN” genişlənəcək və ola bilsin, siz daha hansı xidmətlərin oraya əlavə edilməsi ilə bağlı məsləhətlər verə bilərsiniz. Bu, artıq bizim brendimizdir – Made in Azerbaijan. Şadam ki, artıq əqli məhsullarla da fəxr edə bilərik”, - deyə, dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, korrupsiya üzləşdiyimiz ciddi problemlərdən biridir.

İslahatlar korrupsiyanın nəzərəçarpan dərəcədə azaldılmasına yönəldilib. Əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir. Onların müvəqqəti təsiri var, çünki vaxt keçir və digər insanlar gəlir. Bu, yenə də təkrarlanır. Biz nə etməliyik? Bunun üçün təsisati tədbirlərlə şəraiti daraltmalıyıq ki, bu, mümkün olmasın.

“ASAN xidmət”dəki kimi, digər sektorlarda da etməliyik. Buna görə, korrupsiyaya qarşı mübarizə davam edəcək və biz imkanları daraldacağıq. Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq. Həmçinin bunun bir hissəsi olan bürokratiyaya da qarşı gedəcəyik.

Bürokratiya korrupsiyaya bağlıdır, çünki bəzi dövlət məmurları nəyisə əldə etmək üçün bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar. Onlar bunu öz maraqlarını təmin etmək üçün edirlər.

Bildirmək istəyirəm ki, biz genişmiqyaslı özəlləşdirmə proqramına başlamaq fikrindəyik. Bu, artıq elan edilib. Hazırda hökumət bir sıra sektorlar üzərində çalışır. Ümid edirəm ki, biz Azərbaycanı yeni yanaşma və islahatlarla xarici şirkətlər üçün çox cəlbedici edəcəyik, - deyə, dövlət başçısı bəyan edib.

Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR